İnsan hüquqlarının müdafiəsi dərin islahatlarsız mümkün deyil-Müsahibə


Milli Məclisin İnsan hüquqları komitəsinin 2021-ci il yaz sessiyasının iş planına Milli Məclisin İnsan hüquqları komitəsi yanında insan haqları ilə bağlı Çevik Qrupun yaradılmasını nəzərdə tutan qanun layihəsi daxil edilib. Sənəddə qeyd edilir ki, hüquq profilli QHT-lərlə keçirilən görüşlərdə “Komitə yanında insan haqları ilə bağlı Çevik Qrup”un yaradılması ilə bağlı təklifin reallaşdırılması yönündə tədbirlər görüləcək. Bu istiqamətdə yeni qrupa ehtiyac varmı?

7gun.org-ın məlumatına görə, hüquq müdafiəçisi, Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı yeni qrupdan gözləntilərini ASTNA-ya danışıb.

***

-Bəşir bəy, Milli Məclisin İnsan hüquqları komitəsi yanında insan haqları ilə bağlı Çevik Qrupun yaradılması nəzərdə tutulur. Sizcə, belə bir qrupa ehtiyac varmı? Bu qrup nə dərəcədə funksional və effektiv ola bilər?

Bəşir Süleymanlı-Mənim yanaşmam ondan ibarətdir ki, bu qədər qurum, təşkilat yaratmaqdansa problemləri həll etmək daha məqsədəuyğun olar. Bu qrupa nədən zərurət yaranır?!

Çünki ölkədə insan haqları ilə bağlı ciddi problem var, siyasi məhbuslar azad edilməyib. O cümlədən də mütəmadi olaraq müxtəlif orqanlar tərəfindən vətəndaşların hüquqları pozulur. Mən yalnız siyasi hüquqları nəzərdə tutmuram. Elə götürək təhsil hüququ, tibbi xidmət almaq hüququ, müraciət etmək hüququ və s. Bunların hamısını da yaradan dövlət qurumlarıdır. Düzdür, əvvəlki dövrlərlə müqaisədə bir balaca dəyişiklik var. Amma bu, problemləri kosmetik həll etməyə yönəlib. Fundamental problemlər hələ də qalmaqdadır. Ona görə də belə qrupların yaradılması, sadəcə, vaxt itkisidir. Əgər Ombudsman Aparatı effektiv işləsə bu qrupa ehtiyac yoxdur. Onsuz da hər hansı pozuntu olanda bu insan haqları təşkilatları tərəfindən qeydə alınır, ictimailəşdirilir və bu barədə hökümət qrumlarına müraciət edilir.

-Milli Məclisin İnsan hüquqları komitəsi, İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu, İnsan Hüquqları üzrə Müvəkkil İnstitutu və s. İndi isə Çevik Qrup. Eyni profilli bu qədər institut yaratmaqdansa bu profil üzrə olan institutların işini təkmilləşdirmək daha yaxşı olmazdımı? Bu institutlar hamısı eyni işi niyə ayrı-ayrılıqda görsünlər ki?

-Haqlısınız, bayaq mən də bu barədə xatırlatdım. Eyni istiqamətlər üzrə bir neçə qurumların fəaliyyət göstərməsi effektiv deyil. Nəzərə alsaq ki, bu problemlərin də yaradıcısı ayrı-ayrı dövlət qurumlarıdır. Yəni, hökümət öz içində olan problemləri həll etmək üçün bir neçə təkrar qurumlar yaratmalıdır. Bəs onda ombudsman nə işlə məşğul olur?! Belə nəticə çıxır ki, ya bu qurumlara etimad yoxdur, ya da, sadəcə, imitasiya üçün yenidən bir qurum yaradıb vətəndaşların təpkilərini sakitləşdirirlər. Xatırladım ki, 2014-cü ildə də buna bənzər “İnsan Hüquqları üzrə Birgə İşçi Qrup” yaradılmışdı. Hətta Avropa Şurasının təkidi ilə Xədicə İsmayıl da o qrupa salınmışdı. Amma ondan sonra ölkədə insan haqları ilə bağlı vəziyyətin hansı bucaq altında dəyişməsi hər kəsə məlumdur. Səhv anlaşılmasın, mən analogiyanı vəziyyətin yenidən pisləşməsi istiqamətində aparmıram. Dediyim odur ki, qruplar vəziyyəti düzəltməyəcək. Əsas qanunvericilik bazasının təkmilləşdirilməsi və icra hakmiyyətlərinin qanunlar qarşısında məsulliyyətli və cavabdeh olmasıdır. O cümlədən müstəqil məhkəmə sisteminin yaradılmasıdır.

-Sizin yeni qurumdan hansı gözləntiləriniz var?

-Əvvəl də qeyd etdiyim kimi, mən istisna etmirəm ki, bəzi kosmetik problemlər həll edilsin. Ancaq bizi narahat edən problemlərin fundamental həll edilməməsidir. Uzun müddətdir ki, ölkədə məhkəmə-hüquq islahatı ilə bağlı bir neçə fərman verilib, qanunvericilikdə düzəlişlər edilib. Ancaq nəticədə yalnız texniki dəyişiklik baş verib. Tutaq ki, məhkəmə ilə bağlı operativ SMS gəlir və s. Ancaq məhkəmələr yenə də sifarişlə qərar çıxarır. İcra hakimiyyətlərinin qanunsuzluqları və vətəndaşların pozulmuş hüquqları ilə bağlı məhkəmələrə verilən işlərin demək olar ki, hamısı qeyd-şərtsiz həmin qurumların xeyrinə qətnamə çıxarılmaqla yekunlaşır.

Müstəqil vəkillərə (daha çox siyasi işləri müdafiə edən vəkillərə) qarşı təzyiq halları mövcuddur. Dəfələrlə bu barədə mediada məlumatlar gedir. O cümlədən Vəkillər Kollegiyasına üzvlüklə bağlı problemlər, selektiv yanaşmalar mövcuddur. Çox yanlış addım oldu ki, ölkədə vəkillərin sayı vətəndaşlara normal xidmət edəcək səviyyəyə çatmadan nümayəndəlik institutu ləğv edildi. Mən hökümətə müraciət edirəm ki, əgər insan hüquqları müdafiəsi istiqamətində bir balaca da olsa addım atmaq istəyirlərsə nümayəndəlik institutunu bərpa etsinlər. Çünki vəkil xidmətləri bahadır. Bu da imkansız təbəqələrin, aztəminatlı ailələrin hüquqi yardım almaq istəyini əlçatmaz edir. Əvvəllər bu istiqamətdə QHT-lər də vətəndaşlara xeyli yardım edirdi, nümayəndəlik institutları vasitəsilə məhkəmələrdə vətəndaşların hüquqlarını müdafiə edirdi. Bizim təşkilar da hüquqi yardımla məşğul olur. Hər gün yardım üçün onlarla mesaj və zəng qəbul edirik. Çox iş də məhkəməlik olur. Ancaq vətəndaşın 50 manat verib iddia ərizəsi yazdırmaq üçün imkanı yoxdur. Vəkil də ən azı order haqqı tələb edəndə bu rəqəm vətəndaş üçün əlçatmaz olur. Ölkədə vəkillərin sayı olduqca məhduddur. Baxsınlar ki, məhkəmələrdə işlərin sayı nə qədərdir. Bu da vətəndaşların effektiv və operativ hüquqi yardım almasını məhdudlaşdırır.

-Dediyiniz kimi, vaxtilə ölkədə bu istiqamətdə belə qruplar yaradılmışdı. Həmin qrupların aqibəti necə oldu? Hansısa müsbətə doğru fəaliyyətləri oldumu?

-Bəli, belə bu qrup yaradılmışdı, bu yaxınlara qədər də iclaslar keçirirdilər. Ancaq nə qədər effektiv oldu?! Sadaladığım kimi, çox çüzi, kosmetik dəyişikliklər oldu. Bu da həmin qrupun təsiri və fəaliyyəti ilə deyil. Sadəcə, hakimiyyətin içində kadr və struktur dəyişikliyi oldu. Köhnə komandanı yenisi əvəz etdi. Çox güman ki, əvvəlki qrup da köhnə komandanı təmsil etdiyindən yeni komanda yeni qrup formalaşdırmaq istəyir. Bəlkə də yeni nəsil anlayır ki, əvvəlki yanaşma yanlış olub, vəziyyəti düzəltmək, pozitiv addımlar atmaq lazımdır. Ancaq dediyim kimi, bunun üçün hökümətin özünün atacağı addımlar çoxdur. Elə mənim sadaladığım problemləri həll etsinlər. Biz də görək ki, doğrudan da müsbətə doğru müəyyən irəliləyiş var. Bildiyiniz kimi, uzun müddətdir vətəndaş cəmiyyətinin problemləri ilə bağlı müzakirələr gedir, görüşlər keçirilir, təkliflər yığılır. Amma hələ də gerçək nəticəsini görməmişik. QHT-lərin qeydiyyat, maliyyələşmə problemi həll edilmir. Zaman isə bizi gözləmir.

Bu yaxınlarda prezidentin köməkçisi cənab Hikmət Hacıyev İcra hakimiyyətləri ilə görüş keçirib və İctimai şuralarla bağlı problemləri müzakirə ediblər. Müsbət haldır ki, ən azı problemi qəbul edirlər və müzakirə edirlər. Əgər 5 ildən çoxdur ölkədə QHT-lərin fəaliyyəti məhdudlaşdırılıbsa, ondan əvvəl də fəaliyyət çox məhdud olubsa, bu QHT necə yaranmalıdır, necə fəaliyyət göstətməlidir ki, hələ icra hakmiyyətlərinin üzərində ictimai nəzarəti təmin edə bilsin?! Buna görə də problemlərin həllinə ortadan deyil, özüldən başlamaq lazımdır.

-Sizcə, belə qruplar hakimiyyətin işinə müdaxilə edə bilərmi? Yəni, siyasi məhbus məsələsində hakimiyyət nümayəndələrindən yaradılmış bir qrup həmin şəxslərin hüquqlarının pozulduğunu dilə gətirə bilərmi? Yəni, Azərbaycan kimi ölkədə bu, realdırmı?

-Mən düşünürəm ki, bu məsələdə əsas siyasi iradə və niyyətdir. Əgər doğrudan da problemləri həll etmək istəyirlərsə, ciddi islahatlar aparılmaldır. Bu istiqamətdə görüləcək işlərlə bağlı əvvəl sadaladım. Digər tərəfdən, mən vurğunu yalnız siyasi məhbus probleminin üzərində saxlamaq istəmirəm. Sözsüz ki, siyasi məhbus problemi birdəfəlik həll edilməli və siyasi baxışlarına və ifadə azadlığına görə insanlar təqibə məruz qalmamalıdır. Ancaq vətəndaşların təhsil, tibbi xidmət, sosial, mülkiyyət, ədalətli mühakimə hüququ və s. sahəsində daha kütləvi halda hüquqları pozulur. Ona görə də mən ən əsası məhkəmə-hüquq islahatının aparılmasının tərəfdarıyam. Heç olmasa məmurlar qanunları pozanda məhkəmə yolu ilə ədaləti bərpa etmək mümkün olsun. Mən istisna etmirəm ki, həmin qrup müəyyən problemləri həll edəcək. Məsələn, bir neçə siyasi məhbusun buraxılması və ya kiçik bir neçə problemin həll edilməsi. Məsələ problemi dilə gətirməkdə deyil, onun həllinə operativ və məsuliyyətli yanaşmadadır. Biz də görüşlərdə problemləri dilə gətirmişik. Elə prezidentin köməkçisi ilə görüşdə 5-6 altı QHT nümayəndəsi Tofiq Yaqublunun azadlığa buraxılmasının vacibliyini qeyd etmişdilər. Və elə də oldu ki, Tofiq Yaqublu sonra azadlığa buraxıldı. Ancaq dediyim kimi, biz problemlərin şəxslər üzərində və ya yaranandan sonra həllində maraqlı olmamalıyıq. Məsələ belə olmalıdır ki, adamlar niyə həbs edilməlidir?! Kimsə sosial şəbəkədə yazdığı statusa, yazıya görə niyə polisə aparılıb onu silməyə məcbur edilməlidir?!

-Ümumiyyətlə, son vaxtlar siyasi məhbus problemi arxa plana keçib. Düzdür, bəzən bu problemin həlli ilə bağlı xoşməramlı mesajlar verilir. Amma nəticə hələ ki yoxdur. Siyasi məhbus problemi ilə bağlı vəziyyət necədir?

-Həm hüquq- müdafiə təşkilatları, həm də siyasi partiyalar belə qənaətə gəlirdilər ki, nəhayət, hökümət bu problemi həll edəcək. Çünki ‘’Qarabağ məhbusları’’ adlanan qrupdan xeyli adam azadlığa buraxıldı. Düşünürdülər ki, bu yumşalmanın bir mesajı ola bilər. Ondan əvvəl İlqar Məmmədov və Rəsul Cəfərova bəraətin verilməsi, sonra siyasi partiyalar və vətəndaş cəmiyyəti ilə görüşlərin keçirilməsi müsbətə doğru müəyyən hərəkətliliyin olması qənaəti yaratdı.

Arxa plana keçməsində səbəb pandemiya, sosial problemlərin qabarması və müharibənin olduğu qənaətindəyəm. Torpaqlarımız işğaldan azad olundu. Artıq bizim Qarabağ boyda dərdimiz yoxdur. İndi insan hüquqları və azadlıqları sahəsində daha diqqətli və həssas olmalıyıq. Əvvəlki sualınızda buna eyham vurdum ki, mən yalnız siyasi məhbus probleminin üzərində durmaq istəmirəm. Çünk, başqa problemlər qabaranda bu keçir arxa plana.Ona görə də biz problemin fundamental həll edilməsində maraqlı olmalıyıq.

- Sizin təklifləriniz nədən ibarətdir? Ölkədə insan haqlarının durumunun yaxşılaşdırılması, siyasi məhbus probleminin birdəfəlik həlli ilə bağlı hakimiyyət hansı addımlar atmalıdır? Belə qurumlar yaratmaqla hansısa irəliləyiş əldə etmək olar, yoxsa məsələnin həlli üçün daha yaxşı variantlar var?

-Variantlar, əlbəttə, həmişə var. Ən pis vəziyyətlərdən də çıxış yolları mövcuddur. Ən birincisi, vətəndaş cəmiyyəti ilə bağlı problemlər həll edilməldir ki, müzakirə aparmağa, problemləri dinləməyə fərqli baxışlar olsun. QHT-lərin qeydiyyatı sadələşdirilməlidir. O cümlədən QHT-lərlə bağlı açılmış cinayət işlərinə bəraətedici əsaslarla xitam verilməlidir. Bu, necə olar bilər ki, əvvəllər ağır cinayətdə ittiham edilərək məhkum edilmiş şəxsləri yığırsan ki, gəlin, insan haqlarını müzakirə edək. Elə paradoks buradan başlayır.

Bu barədə həm cənab Hikmət Haciyevlə görüşdə təkliflərimizi səsləndirmişik, həm də yazılı şəkildə uyğun qurumlara göndərmişik. Düşünürəm ki, problemlər kökündən həll edilməlidir. Əks təqdirdə, biz bir-iki QHT-nin və şəxsin porblemini həll etməklə yaxın nəticəyə nail oluruq. Əgər hədəf ölkənin inkişafı, insan hüquqlarının qorunmasıdırsa, onda gələcəyə hədəflənən daha dərin dəyişikliklərin edilməsində maraqlı olmalıyıq. Bunları da əvvəl sadaladım; məhkəmə islahatının aparılması, qanunvericiliyin təkmilləşdirilməsi, icra hakimiyyətlərinin fəaliyyətlərini qanunlar üzərində qurmağa təşviq edilməsi, o cümlədən şikayət və müraciətlərə təyinatı üzrə və operativ baxılmasını təmin etmək lazımdır.

7gun.org-ı sosial şəbəkələrdə izləyin:

1. Facebook

2. İnstagram

3. YouTube