Həbsdə olan jurnalist aclığın 81-ci günündə komaya düşdü


81 gündür həbsxanada aclıq edən "Azel TV" saytının rəhbəri Əfqan Sadıqov komaya düşüb.

7gun.org xəbər verir ki, bu barədə onun həyat yoldaşı Sevinc Sadıqova Amerikanın Səsinə bildirib.

“Yanvarın 21-də məhkəmə olmalı idi. Müalicə müəssisəsindən çıxıb məhkəməyə aparanda yoldan qaytarıblar. Hakimi deyib ki, məhkəmə təxirə düşüb. Məqsədləri Əfqanı öldürməkdir. Məndə olan məlumata görə, Əfqan komaya düşüb və o ayılmayıb. Mən bilmirəm bu koma hesab edilir ya yox, amma ayılmayıb. Sistemə qoşublar. Vəziyyəti çox ağırlaşıb. Mən Əfqanla əlaqə saxlaya bilməmişəm. Əgər Əfqan zəng vurmursa, mən də görüşə bilməmişəmsə demək bütün bunlar düzdür. Reallığı əks etdirir. Əfqan nə qədər dözə bilərdi ki? Əfqan daş, dəmir deyil ki, insandır. Onu məcburi burnundan şlanq vasitəsi ilə qidalandırıblar. Məhkəmə də yanvarın 28-nə təxirə salınıb. Mən düşünürəm ki, Əfqan bu vəziyyətdə azadlığa çıxdı və ya çıxmadı nə mənası var. Meyit kimi olan insan azadlığın nə mənası var," Sevinc Sadıqova deyir.

Sevinc Sadıqova Əfqan Sadıqova həyat yoldaşının video-görüntüsünün yayılmasını tələb edir.

Bu açıqlamaya Penitensiar Xidmətdən, məhkəmədən və başqa rəsmi qurumlardan münasibət almaq hələ mümkün olmayıb.

Öz növbəsində, jurnalistin anası prezidentə və birinci vitse-prezidentə video- müraciət edib.

O deyir ki, oğlu ölüm ayağındadır. Jurnalistin anası müraciətində Əfqan Sadıqovun günahsız olduğunu, onun barəsində ədalətli hökmün çıxarılmasını və nəticədə Əfqan Sadıqovun bəraət almasını istəyir.

Yanvarın 22-də Ombudsman Aparatı Əfqan Sadıqovla bağlı aşağıdakıları bildirib:

"Əfqan Sadıqovun Penitensiar Xidmətin Müalicə Müəssisəsində müayinəsi davam edir. Vəziyyəti orta-ağır dəyərləndirilir. Qida qəbulundan əvvəlki kimi imtina edir."

Yanvarın 21-də Sumqayıt Apellyasiya Məhkəməsində jurnalistin şikayətinə baxış yenidən təxirə salınıb.

Sumqayıt Apellyasiya Məhkəməsindən bildiriblər ki, məhkəmə iclası COVİD-19-la bağlı Ali Məhkəmənin qərarına əsasən yanvarın 25-dən sonraya təxirə salınıb.

“Yanvarın 25-dən sonra məhkəmə iclası dördüncü günə (yanvarın 28-nə) təyin ediləcək,” məhkəmənin rəsmisi bildirib.

Əfqan Sadıqov 2020-ci il mayın 13-də saxlanılıb və Bakının Binəqədi Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.

İstintaqın iddiasına görə, Sadıqov xeberfakt.az nəşrinin redaktoru Sakit Muradovla birlikdə 10,000 manat rüşvət alarkən saxlanılıb. Bu zaman Muradovu həbs etməyiblər.

Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsi Azel.tv saytının redaktorunu hədələmə yolu ilə pul tələb etmə ittihamı ilə günahkar sayaraq yeddi il müddətinə azadlıqdan məhrum edib.

“Mən məhkəmənin hökmünü ədalətsiz hesab edirəm. Ortada heç bir hədə-qorxu, şantaj xarakterli yazı yoxdur. Bu səbəbdən aclığa başlayıram. Ədalət bərpa edilməsə aclığın 20-ci günündən sonra quru aclığa keçəcəm,” jurnalist məhkəmədə deyib.

O həmin vaxtdan saxlanıldığı 1 saylı İstintaq Təcridxanasında aclığa başlayıb. Hazırda jutrnalist Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində həkim nəzarətindədir.

Həyat yoldaşının dediyinə görə, Sadıqov hazırda yeriyə bilmir, 30 kiloqramadək çəki itirib, böyrəklərində problemlər yaranıb, beyninin qanla qidalanmasında çətinliklər var.

Əfqan Sadıqov həbsindən öncə “Taxtakörpüdə gizlədilmiş cinayət hadisəsi“ adlı məqalə ilə çıxış edib. Məqalədə Taxtakörpü qəsəbəsində kimsəsiz və köməksiz olan iki qadına qarşı (onlardan biri azyaşlıdır) cinsi zorakılıqdan bəhs edilir. Jurnalist qadınlara qarşı zorakılığın araşdırılmamasından narahatlığını bildirib. O həmin məlumatı YouTube kanalı vasitəsilə də diqqətə çatdırıb.

Sadıqov həmçinin narkotik qaçaqmalçılığında əli olduğunu iddia etdiyi bir qrup şəxs və Sumqayıt şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri barədə də tənqidi məqalələrlə çıxış edib.

“Yüksək vəzifəli bir neçə məmuru kəskin tənqid, ifşa etdiyim üçün sifarişin, tapşırıq, göstərişin haradan gəldiyini yaxşı bilirik,” Sadıqov həbsindən öncə Facebook səhifəsində yazıb.

Bir çox yerli və beynəlxalq hüquq müdafiə təşkilatları, o cümlədən Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hökumətini jurnalistin dərhal azadlığa buraxılmasına çağıran bəyanatlarla çıxış edib.