"Bu dəfə mənim iki əlil övladıma bu pul verilmədi" - Əbiş Abbasov


3 dekabr Beynəlxalq Əlillər Günü ilə əlaqədar əlillərə çatası maddi yardıma göz dikənlər də tapılır.

7gun.org xəbər verir ki, bu barədə Yenicag.az-a müraciət edən Ağdam rayon Alıbəyli-2 qəsəbəsində yaşayan Abbasov Əbişın sözlərinə görə, onlar üçün nəzərdə tutulmuş maddi yardımı ala bilməyiblər:

O, bildirib ki, himayəsində olan Abbasov Vasif və Abbasova Tofiqə adlı iki əlil övladı hər il verilən pul yardımından bu il yararlana bilməyiblər:

“Hər il dekabr ayının 3-də beynəlxalq əlillər günü əlil şəxslərə 30 manat pul yardımı edilir. Bu dəfə mənim iki əlil övladıma bu pul verilmədi.

Bunu araşdırmaq üçün Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Ağdam rayon şöbəsinə getdim. Orada mənə dedilər ki, bunun üçün gərək əvvəlcədən ərizə yazaydın.

Onlara dedim ki, bunun ərizə ilə verildiyini bilmirdim. Cavab verdilər ki, pul yardımı ancaq ərizə ilə müraciət edənlərə verilib, camaata ərizə yazdırası deyilik ki…”

Lakin ötən illərdə bu yardım üçün ərizə yazmağa ehtiyac olmayıb. Yəni pul yardımı əlillərin pensiya kartına köçürülüb. Əbiş Abbasov qeyd edib ki, əgər bu yardım ərizə ilə verilirdisə, qəsəbə nümayəndəliyi onları vaxtında məlumatlandırmalı idi:

“Ötən il heç xəbərimiz olmadan məlum günlə bağlı pul yardımı karta yüklənmişdi. Bu il ərizə yazılmalı olduğunu bilmirdim. Mənə dedilər, qəsəbə nümayəndəliyinə xəbər ediblər, ancaq onlar mənə heç nə deməyiblər. Mənə təsir edən o 30 manat yox, haqqımızın yeyilməsidir”.