Vəkil Rəsul Yusifbəyli Lalə Aibovanı aldadıb?
Məhz bütün bunların nəticəsidir ki, ölkədə vəkillərə olan inam və etibar qırılmaq üzrədir.Ölkədə bütün sahələrdə olduğu kimi vəkillərin peşə yönümlü fəaliyyətində də vətəndaşların aldadılması müşahidə olunur. Bəzi vəkillər onlara müraciət edən insanları xidmət haqqları adı ilə aldadıb küllü miqdarda vəsaitlərini ələ keçirirlər. Tərəflər arasında bağlanan müqavilədə göstərilən məbləğdən qat-qat artıq pul alırlar. Eyni zamanda aldıqları pulun müqabilində vətəndaşların hüquqlarını lazım olan səviyyədə qorumurlar. Bir çox hallarda vəkillər müdafiə etdikləri tərəfin mövqeyini istintaq orqanlarına və ya məhkəməıərə satır, xüsusilə, hansısa cinayət işi üzrə təqsirləndirilən şəxslərin hüquqlarının pozulmasına bilavasitə şərait yaradırlar. Məhz bütün bunların nəticəsidir ki, ölkədə vəkillərə olan inam və etibar qırılmaq üzrədir.
Vəkillər Kollegiyasının rəhbərliyi isə bəzi vəkillərin qanunsuz əməl və hərəkətləri barədə vətəndaşların ərizə və şikayətlərini obyektiv araşdırmır, onlara hüquqi qiymət verməkdən yayınır. Yalnız hakimiyyət tərəfindən sifariş və tapşırıq olduqda normal fəaliyyət göstərən azsaylı obyektiv vəkilləri müxtəlif bəhanələrlə Vəkillər Kollegiyasının sıralarından çıxdaş edirlər.
Göründüyü kimi ölkədə insanların hüquq və azadlıqlarını müdafiə etmək istəyən vəkillər də hakimiyyətin sifarişi və tapşırığı ilə sıradan çıxarılır.
7gun.org-a müraciət edən vətəndaş Aibova Lalə Hörmət qızı Vəkillər Kollegiyasının üzvü vəkil Yusifbəyli Rəsul Rəbbil oğlu tərəfindən aldanıldığını bildirir. Lalə Aibova müraciətində qardaşı Emin Aibovun hüquqlarının müdafiəsi məqsədilə vəkil Rəsul Yusifbəyliyə 10.000 manat pul verdiyini, lakin qardaşının hüquqlarının lazımi səviyyədə müdafiə edilmədiyini qeyd edir. Lalə Aibova vəkil Rəsul Yusifbəyliyə müqavilədə göstərilən məbləğdən əlavə verdiyi pulu geri ala bilmədiyindən şikayətlənir. Hətta Lalə Aibova məlum məsələ ilə bağlı Vəkillər Kollegiyasının rəhbərliyinə müraciət etdiyini, lakin obyektiv araşdırma aparılmadığını, araşdırmalar zamanı vəkil Rəsul Yusifbəylinin maraqlarının müdafiə edildiyini qeyd edir.
Xatırladaq ki, Lalə Aibovanın qardaşı Emin Aibov Tərtər hadisələrinə görə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum edilib.
7gun.org-ın əməkdaşının məsələ ilə bağlı Vəkillər Kollegiyasının üzvü vəkil Rəsul Yusifbəylidən açıqlama almaq cəhdləri nəticə verməyib.
Bütün bunlara baxmayaraq, mövzu ilə bağlı maraqlı şəxslərin mövqelərini dərc etməyə hazırıq.