"İşıq xətti qəfil qırılıb düşə bilər"-Qəbələ rayonundan FOTOLAR
Artıq bir neçə ildir ki, Azərbaycanın əksər kəndlərinə yollar çəkilir, işıq, qaz və telefon xətləri yenilənir. Bir müddət əvvəl Qəbələdə yeni istifadəyə verilmiş kənd yollarını da buna misal gətirmək olar. Amma bununla yanaşı, rayonun elə kəndləri də var ki, oraya gedəndə istər-istəməz 90-cı illəri xatırlamalı olursan.Sputnik Azərbaycan xəbər verir ki, darmadağın olmuş kənd yolları, hasarlardan sallanan telefon xətləri, aşmağa fürsət gözləyən işıq dirəkləri və ağacların üzəri ilə aparılmış qaz xətlərini gördükdə insan sözün əsl mənasında heyrətə gəlir. Hazırda söhbət etdiyimiz məkan Qəbələnin Aydınqışlaq kəndidir.
Bu kəndin iki minə yaxın sakini və yeddi yüzə yaxın təsərrüfatı mövcuddur. Kənd insanları keçimlərini əsasən heyvandarlıq və qərzəkli meyvələrin yığılması ilə təmin etməkdədirlər.
Kənd sakini Rəcəb Yusibov durumlarını anladır: "Vəziyyət acınacaqlıdır. Yağış yağanda, ümumiyyətlə qış aylarında yollardan istifadə mümkün deyil. Boğaza qədər palçığa batırsan".
Təkcə yollarına yağış yağıb korlasa, dərd yarıdır: Aydınqışlaqda göydən damcı düşəndə evləri ancaq ildırımların işığı aydınladır.
Kənd ağsaqqalı Kərim Alxasov olanları belə izah edir: "Bir balaca külək əssə və ya yağıntı olsa, kənddən çıxmaqdan başqa çarəmiz yoxdur. Gün ərzində dəfələrlə işıqlar sönür-yanır. Evlərdə bir salamat elektrik avadanlığı qalmayıb. Bunlar bir yana, əsəblərimiz də tar-mar olub. Dəfələrlə işıq idarəsinə müraciət eləmişik, amma hələ də problem həllini tapmayıb".
Kəndin digər sakini Yaşar Göycəyev kəndin problemlərini həll etmək üçün hər şeyi sıfırdan təmir etməyin vacibliyini vurğulayır: "İşıq dirəkləri yenisi ilə əvəz olunmalı, transformatorlar bərpa olunmalı və digər kommunal xidmətlər yenidən qurulmalıdır. Sakinlərin eləsi var ki, öz həyətlərində belə qorxu ilə gəzirlər, çünki elektrik dirəyi, yaxud transformator aşa, işıq xətti qəfil qırılıb düşə bilər".
Aydınqışlağın telefon xətləri bir ayrı "dastan"dır. Bir telefon xəttinin təmiri və kabelin havayla aparılması üçün ancaq kənd sakinləri özləri səy göstərməsələr, nə axtaran var, nə də soruşan. Telefon xətləri ya ağacların arasındadır, görünmür, ya da yerlərə sərilib, qaldırılıb dirəklərə bağlanacağı günü gözləyir.
Qəbələnin Aydınqışlaq kənd sakinlərinin müraciəti ilə bağlı Qəbələ Regional Elektrik Şəbəkəsi ilə əlaqə saxladıq. Regional şəbəkənin istismar üzrə rəis müavini Nüsrət Əmikişiyev bildirdi ki, yaranmış problemdən xəbərləri var. Amma o, problemin yaranmasında kənd sakinlərinin də günahkar olduğunu iddia etdi. Onun sözlərinə görə, işıq dirəkləri kiminsə bağına, kiminsə mağazasının yanına düşdüyü üçün sakinlərdən bəziləri narazılıq edərək, dirəklərinin basdırılmasına müəyyən problemlər yaradırlar. Eyni zamanda o, bu məsələnin yaxın zamanda həll olunacağını bildirdi.
Rəis müavini yaxın zamanlarda hər bir rayona, cümlədən Qəbələyə 25 transformatorun veriləcəyini bildirdi. Bundan sonra dəyişidirilməsi zəruri olan transformatorlar yenisi ilə əvəz olunacaq. İşıq dirəklərinə gəldikdə, onlar ilin sonu və gələn ilin əvvəlinə qədər yenisi ilə əvəz olunacaq.
Kənd sakinlərinin telefon xətləri ilə yaranmış problemləri ilə bağlı Qəbələ Telekommunikasiya Qovşağının direktoru Etibar İsayevlə əlaqə saxladıq. O, kənddə telefon xətlərinin problemli olması ilə bağlı heç bir məlumatın daxil olmadığını, olacaq təqdirdə istənilən zaman müdaxilə edilərək təmir və ya bərpa işlərinə hazır olduqlarını bildirdi. E.İsayev onu da qeyd etdi ki, yaranmış anlaşılmazlıqla əlaqədar kəndə mütəxəssis ezam olunacaq və araşdırma aparılacaq.
Qəbələ Rayon Qaz İstismar İdarəsinin rəsmisi isə qazla bağlı kənddə yeni layihə əsasında yenidən işlər görüləcəyini, lazımı ərazilərdə qaz xətlərinin yenisi ilə əvəz olunacağını bildirdi. İdarə rəsmisinin sözlərinə görə, bu problemlə bağlı Rayon İcra Hakimiyyətinə də məlumat verilib, birgə layihə hazırlanaraq aidiyyatı qurumlara təqdim olunub.
Öz növbəsində kənd icra nümayəndəsi abadlıq işləri aparılacağını və gələn ilin sonuna kimi kənddə bütün yolların abadlaşdırılacağını bildirdi.
Beləliklə, əlaqədar qurumların hamısının nümayəndəsi Aydınqışlaq kəndinin sakinlərinin insan kimi yaşamaları üçün bütün işləri görəcəklərinə söz verdilər. Bizə isə gözləmək qalır.
7gun.org