Baytar həkimlər Mehriban Bağırovanın iş metodundan beziblər - “Qoşqar Təhməzlinin bundan xəbəri yoxdur”
7gun.org xəbər verir ki, Azinforum.az-ın əldə etdiyi məlumata görə, Qida Təhlükəsizliyi Agentliyi yanında Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun baytar həkimlərlə işlər üzrə sektor müdiri Mehriban Bağırovanın iş fəaliyyətindən kollektivin daxilində ciddi narazılıqlar var. Hələlik adının çəkilməsini istəməyən mənbənin verdiyi məlumata görə, Mehriban Bağırova quruma rəhbər təyin ediləndən sonra bütün baytar həkimləri psixoloji basqı altında saxlayır: “Biz əvvəl Kənd Təsərrüfatı Nazirliyinin tərkibində fəaliyyət göstərirdik. Orda olanda normal iş rejimində çalışırdıq. Qida Təhlükəsizliyi Agentliyi yaranandan sonra bizi keçirdilər bu qurumun tərkibinə. Təsəvvür edin ki, baytar həkimlər saatlarla Mehriban Bağırovanın qəbuluna düşə bilmir. Bu yaxınlarda onun qəbuluna gedən həkimlərdən biri gözləməkdən bezib, mühafizənin başı qarışan kimi gizlin keçib onun otağına . Baxıb görüb ki, Mehriban Bağırova tort qabağında çay içir. Həkim bu qədər gözlədiyinə açıq etiraz edib, o isə bildirib ki, güya yanında qız olub, təzəcə çıxıb. Kimlə münasibəti yaxşıdırsa onu yaxşı yerə təyin edir. Uzun müddət bir yerdə iş prinsipini mənimsəmiş peşəkar işçiləri, təcrübəsi az olan öz kadrları ilə əvəz edir. Bu yaxınlarda heç bir əsas olmadan 8 km bazarının həkimini yerini dəyişib, Binəyə göndərdi. İnternet saytlarında onun milli matəm günlərindən birində bazarda həkimləri necə gizlin şəkildə güddüyü barədə məlumatlar getmişdi. Az keçmədi ki, həmin məlumatların hamısı saytlardan yığışdırıldı. Biz əminik ki, Mehriban Bağırovanın yalnız özünə sərf edən iş metodundan Qoşqar Təhməzlinin məlumatı yoxdur. Ona görə də, maksimum çalışır ki, barəsində heç bir neqativ məlumat getməsin”.
Müsahibimiz bildirir ki, baytarlardan bəziləri bu xanımın neqativ fəaliyyətindən yuxarı instansiyalara rəsmi şikayətlər ediblər: “Deyir ki, arxası möhkəmdi, kim hara istəyir şikayət etsin. Mehriban Bağırovanın Bakıda iş təcrübəsi yoxdu. O, uzun müddət Gəncədə çalışıb. Kadr təyinatları və yerdəyişmələrində Gəncədən gələnlərə daha çox üstünlük verməklə, yerlibazlıq edir. Bizim əmək haqqımız 271 manatdı. Az əmək haqqı olduğu üçün, əvvəl tez-tez maaşdan əlavə mükafatlar alırdıq. Mehriban Bağırova onu da bizə çox görüb. Yalnız özünə yaxın olanlara mükafat almağa şərait yaradır. İnanın ki, bütün baytar həkimlər onun iş fəaliyyətindən narazıdı, qurumda dözülməz atmosfer hökm sürür. Xahiş edirik bu vəziyyəti yuxarı instansiyaların nəzərinə çatdırmaqda bizə kömək edəsiniz”.
Səslənən iddialarla bağlı Mehriban Bağırova ilə əlaqə saxlayıb, məsələyə onun da mövqeyini öyrənmək cəhdlərimiz alınmadı. Onun da fikirlərinə yer verməyə hazırıq…