"24 saylı Birləşmiş Şəhər Xəstəxanasında tibbi xidmət normaldır"-Baş həkim Azər Məmmədov


Bir neçə gün öncə 24 saylı Birləşmiş Şəhər Xəstəxanasında tibbi xidmətdən narazılıq edən sakinlərdən birinin müraciəti əsasında 7gun.org saytında tənqidi məqalə dərc olunmuşdur. Məqalə dərc edilməmişdən öncə əməkdaşımız xəstəxananın Baş həkimi Azər Məmmədovla telefon bağlantısı yaratmışdır.

Məqalədə göstərilənlərin yerində öyrənilib araşdırılmasından ötrü Baş həkim əməkdaşımızı xəstəxanaya dəvət etmişdir. 11 fevral 2020-ci il tarixdə səhər saatlarında əməkdaşımız xəstəxanada olub Baş həkimlə görüşərək məqalədə yazılanlara münasibətini öyrənmişdir. Baş həkim məqalədə yazılanların həqiqətə uyğun olmadığını, 24 saylı Birləşmiş Şəhər Xəstəxanasında tibbi xidmətin normal olduğunu bildirdi. Baş həkim Azər Məmmədov tibbi xidmətə görə xəstələrdən məcburən pul alınmadığını, tibbi arayışların pulla satılmadığını, bunu müəyyən etmək üçün istənilən adamı tibbi xidmətdən yararlanmaq və ya arayış almaq adı altında xəstəxanaya göndərib məqalədə dərc edilən iradların həqiqətə uyğun olub - olmamasını asanlıqla öyrənməyin mümkün olduğunu qeyd etdi. O, anonim müraciət əsasında yazılan məqalədə əhalinin sağlamlığının keşiyində duran tibb kollektivini qaralamağın ədalətsizlik olduğunu dedi.

7gun.org olaraq xəstəxananın Baş həkimi Azər Məmmədovun məqaləyə münasibətini olduğu kimi dərc etdik.

Mövzunu davam etdirəcəyik.