"Müxalifət liderləri bilirlər ki, onların namizədinə də qalib gələrəm"-Mehman Hüseynov


Blogger Mehman Hüseynov bələdiyyə və parlament seçkiləri ilə bağlı Yenisabah.az-ın suallarını cavablandırıb.

7gun.org həmin müsahibəni təqdim edir:


– Mehman, bələdiyyə seçkilərində 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizədliyini irəli sürmüsən. Bununla yanaşı həmin dairədən parlament seçkilərinə də qatılmaq niyyətindəsən. Eksperiment aparırsan, yoxsa həqiqətən özünü Milli Məclisin yeni tərkibində görürsən?

– Mən seçki prosesinə eksperiment aparmaq və ya izləyici toplamaq üçün qoşulmamışam. Məqsədim qalib gəlməkdir və əminəm ki, bu, belə də olacaq. Mən həm bələdiyyə seçkilərində, həm də parlament seçkilərində qalib gələcəm. Onu da qeyd edim ki, parlament seçkilərində quracağımız strategiya bələdiyyə seçkilərindən asılı olacaq. Bilirsiniz ki, bələdiyyə üzvlüyünə 17 nəfər seçilir. Əgər mən o 17 nəfərin arasında olmasam, deməli, bu seçki yox sadəcə biabırçılıqdır. Mən isə bələdiyyə seçkilərində maksimum səs toplamaq, bələdiyyə sədri olmaq iddiasındayam. Özümə və seçicilərimə güvənirəm. Bu qalibiyyətlə demək olar ki, parlament seçkilərində də qələbəmi təmin etmiş olacam.

– Bəs bələdiyyə seçkilərində qalib gəlməsən necə? O zaman parlament seçkilərində iştirakdan imtina edəcəksən?

– Xeyr. Mübarizə davam edəcək. Əslində biz hakimiyyəti dilemma qarşısında qoymuşuq. Yəni, mənim bələdiyyə seçkilərində qalib gəlməyim hakimiyyət üçün problemdirsə, uduzdurulmağım iki qat problemdir. Təsəvvür edin, eyni dairədə bələdiyyə seçkilərində ən çox səs toplayıb qalib gələcəmsə, deməli, parlament seçkilərində kampaniyam daha izdihamlı keçəcək və əminəm ki, seçilər məni seçəcəklər. Yox, əgər saxtakarlıq olacaqsa, yenə də fəallıq artacaq. Çünki hər kəs biləcək ki, saxtakarlıq olub. Hətta YAP-çılar da mənim seçilməməyimə inanmazlar. Özünüz gəlib namizəd olduğum dairədə monitorinq aparsanız görərsiniz ki, burada məndən başqa heç bir namizədi tanıyan yoxdur. Digər tərəfdən bizim kifayət qədər böyük ictimai nüfuzumuz var. Bu baxımdan, əminəm ki, daha çox dəstək mənə gələcək.

– Hər halda nəzərə al ki, parlament seçkilərində müxalifətdən, yaxud hakimiyyətdən güclü rəqiblə üz-üzə gələ bilərsən…

– Müxalifətdən mənim dairəmdə namizəd olmayacaq. Biz seçkilərə qatılan Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədovla və Müsavat Partiyasının sədri Arif Hacılı ilə görüşmüşük. Onlar da bildiriblər ki, sən namizəd olan dairədən namizəd irəli sürməyəcəyik. Onu da deyim ki, bu, yalnız mənə dəstək xarakteri daşımır. Müxalifət liderləri bilirlər ki, onların namizədinə də qalib gələrəm. Yəni həm də buna görə namizəd irəli sürmək istəmirlər. Hakimiyyətə də mesaj vermişəm ki, namizədinizi bədbəxt etmək istmərisinizsə 31 saylı Suraxanı ikinci seçki dairəsinə göndərməyin. Bir sözlə, bu dairədə nə müxalifətdən, nə də hakimiyyətdən rəqib tanıyıram.

– Naqif Həmzəyev adlı gənc deputat tanıyırsan?

– Adını eşitmişəm.

– Bax, deputat seçilsən onunla fərqin nə olacaq?

– Mən hələ deputat deyiləm, amma deputatlarla onların öz dilində danışıram. Deputat olmaya-olmaya xalqın problemlərini dilə gətirirəm, onların həllinə çalışıram və çox vaxt da nail oluram. İndi təsəvvür edin ki, mən deputat olsam nələr edərəm. Məsələn, Milli Məclisdə durub desəm ki, bütün siyasi məhbuslar azad edilməlidir, aləm dəyəcək bir-birinə. Hazırda bunu deyən yoxdur. Yaxud iclaslarda yalnız xalqın problemlərini diqqətə çatdırıb onların həllinə nail olmağa çalışacam. Bu bir millət vəkili kimi mənim prinsipim olacaq. Dediklərim quru vəd deyil. Boş-boş danışmağı, vəd verməyi sevmirəm. Deyirəm və dediyimə də əməl edirəm. Millət vəkili olanda da belə olacaq. Xalqın problemlərini görəcəm, deyəcəm və həll edəcəm.