Hüseynqulu Bağırov jurnalisti həbs etdirmək istəyir
Keçmiş ekologiya və təbii sərvətlər naziri, Qərbi Kaspi Universitetinin rəhbəri Hüseynqulu Bağırov Anaxeber.info saytının baş redaktoru Azər Talıbovu xüsusi ittiham qaydasında məhkəməyə verib.7gun.org xəbər verir ki, bu barədə jurnalist Arqument.Az-a danışıb.
O bildirib ki, Bərdə Rayon Məhkəməsindən ona bildiriş gəlib.
Talıbov deyir ki, sabiq nazir saytın rəhbərini həbs etdirmək istəyir: "Bağırov "Mircəfər Bağırov yolu: Hüseynqulu Bağırovun mediaya repressiyasından prezidentə müraciət" başlıqlı müraciət xarakterli tənqidi məqaləyə görə xüsusi ittiham qaydasında məhkəmədə iddia qaldırıb".
Jurnalist deyir ki, sabiq nazirin rəhbəri olduğu universitet uzun müddətdir ki, jurnalistlə məhkəmə çəkişməsindədir.
"Bir müddət əvvəl Qərbi Kaspi universitetinin keçmiş müəllimləri uzun illər əmək haqqını və məzuniyyət pullarını ala bilmədikləri ilə bağlı iddialarının Səbail Məhkəməsi tərəfindən təmin olunmadığını bildirmişdilər. Müəllimlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət ediblər. ƏƏSM müəllimlərin şikayəti əsasında Qərbi Kaspi Universitetini cərimələmiş və şikayətçilərə məhkəməyə verib ədaləti bərpa etmək hüquqlarının olması barədə məktub ünvanlamışdı. Müəllimlərin bildirdiyinə görə, universitetin faktiki sahibi Hüseynqulu Bağırov ƏƏSM-in keçmiş rəisi Səlim Müslümovla danışdıqdan sonra qanunsuz olaraq onun ləğv olunmasına nail olub. Bunun əsasında Səbail Məhkəməsinə müraciət edən müəllimlərin işinə hakim Mədinə Bağırova baxıb. Universitet rəhbərliyi isə bu məlumatları yayan saytı məhkəməyə verib, - Talıbov deyib.
Onun sözlərinə görə, müəllimlərin məhkəmə işi ilə bağlı rektorluğun, onun mətbuat xidmətinin rəsmi açıqlaması da saytda dərc edilib: "Amma Qərbi Kaspi Universitetinin rəhbərliyi onların mövqeyini saytda verildiyi halda, məhkəməyə üz tutub, jurnalistə təzyiq yolunu seçib".
A.Talıbov deyir ki, bundan sonra prezidentə müraciət edib və yuxarıdakı başlıqlı məqalə yayımlanıb: "Sabiq nazir indi də xüsusi ittiham qaydasında məhkəməyə müraciət edərək məni həbs etdirmək eşqinə düşüb. Deyəsən, nazir işlədiyi dövrdə yaşıllıqları məhv etmək qəzəbini soyutmayıb, indi də elə həmin yazıda deyildiyi kimi, qohumu Mircəfər Bağırov yolu gedərək bir yazı adamını həbs etdirmək fikrindədir. Görünür, imkanı olsa, nəinki həbs edər, Mircəfər kimi güllələnmə hökmü sifariş verdirərdi. Təbii, onların xasiyyətidir – şairi, yazarı, fərqli fikir adamlarını repressiya eləmək. Amma sabiq nazir "Diffamasiya haqqında” qanunu pozaraq məhz yazıya görə jurnalisti məhkəmələrdə sıxışdırdığını unudur".
Jurnlait bildirib ki, problemlə bağlı ölkə başçısına məktub ünvanlayacaq.
O qeyd edib ki, H.Bağırov onu həbs etdirmək niyyətin düşməklə hökumətə, prezidentə, Azərbaycana hansı pislik eləmək istədiyinin fərqinə deyil: "Bu günlərdə vitse-spiker Bahar Muradov bildirdi ki, Azərbaycanda heç kəs tənqidi fikrinə, siyasi fəaliyyətinə görə təqib olunmur. Prezident də həmişə beynəlxalq tədbirlərdə, xarici jurnalistlərin suallarına cavab verərkən deyib ki, Azərbaycanda media azadlığı var, jurnalistlərə təzyiq göstərilmir, internet tam azaddır. Amma Hüseynqulu Bağırov həbs həvəsinə düşməklə ölkənin adını dünyanı qeyri-azad mediaya malik ölkələr siyahısına salmaq istəyir, xaricdən bəyanatlar, tənqidlər səslənməsinə nail olmaq məqsədi güdür. Bununla hökuməti, prezidenti Avropa təşkilatları ilə üz-üzə qoymaqda olduğunu anlamır. Mən prezidentə açıq şəkildə müraciət edirəm ki, peşə fəaliyyətimə və məhz yazılarıma görə keçmiş nazirin hədəfindəyəm, məni həbs elətdirmək istəyir. Bağırov bunun məsuliyyətini qavramır".
"Mən jurnalist olaraq həmişə milli maraqları və peşə prinsiplərini üstün tutmuşam. Sözügedən yazı müəllimlərin məhkəmə işidir, qarşı tərəfin mövqeyi dərc edilib, lakin Bağırov bizdən əl çəkməyib. Əl çəkmədiyi üçün yenidən prezidentə məktub göndərmişəm, bu dəfə hirsi soyumayıb, xüsusi ittiham qaydasında iddia qaldırıb. Biri bunu durdursun!”, - jurnalist deyib.