"Şəhidlərin haqqı yeyilməz!" şüarı ilə şəhid ailələri yenidən PA qarşısında toplaşıblar
Şəhid ailələrinin 80-ə yaxın nümayəndəsi bu gün yenidən Prezident Administrasiyasının qarşısına toplaşıb. Onlar doğmalarının ölümünə görə ayrılan kompensasiyanı ala bilmədiklərindən şikayətlənirlər.Onlar "Şəhidlərin haqqı yeyilməz!" şüarını səsləndiriblər. Bu barədə aksiya iştirakçılarından biri Toğrul Qocayev bildirib.
"Artiq 7-ci dəfədir ki, hökumətə tələblərimizi çatdırmaq, dövlətdən istəyimizi əldə etmək üçün toplanırıq. Hələ ki bir nəticə yoxdur. Məmurlar hər dəfə bizi müxtəlif vədlərlə yola salırlar", - T.Qocayev qeyd edib.
Onun sözlərinə görə, bir həftə öncə Prezident Administrasiyasından deyiblər ki, fərdi qaydada məhkəməyə müraciət etsinlər və yardım göstərəcəklərini vəd ediblər.
Bu gün şəhid ailələrinin qarşısına heç kim çıxmayıb. Hüquq- mühafizə orqanları ilə iş şöbəsi və hərbi müşavirlik telefonlara cavab verməyib.
Xatırladaq ki, bu ilin yazında dövlət başçısı İlham Əliyev 1991-97-ci illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda üzvləri həlak olmuş şəhid ailələrinə 11 min manat birdəfəlik müavinət verilməsi barədə sərəncam imzalayıb. Sərəncm təxminən 9 minə yaxın şəhid ailəsini əhatə edir və oktyabr ayından müavinətlərin ödənişinə başlanılıb.
Ancaq ailələrin çoxuna kompensasiya verilməsindən imtina edərək deyiblər ki, əvvəllər bu vəsaiti alıblar. Polis ailələrinə də kompensasiya vermirlər. Vətəndaşların dövlət orqanlarına şikayətlərinə baxılmır.
Turan.az