Badamdar sürüşmə sahəsində yeni çatlar əmələ gəlib


Bu gün, noyabrın 23də Badamdar sürüşmə sahəsində yeni çatların əmələ gəldiyi bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin məlumatda belə yazılır.

Məlumata görə, sürüşmə zonasında gərginlik qalır. Aparılan tədqiqatların nəticəsinə əsasən, son günlər yağan yağışlar nəticəsində sürüşmə sahəsindəki asılı vəziyyətdə olan iri qaya parçasının qopması və yamacboyu irəliləməsi müşahidə edilib.

Sürüşmənin aşağı hissəsində isə yeni çatların yarandığı bildirilir.

Bayıl qəsəbəsi, 20-ci Sahə adlı ərazidə 2013-cü ildə də sürüşmə olub. Həmin vaxt ərazidə (kanalizasiya yoxdur) qrunt sularının çəkilməsindən ötrü 7 quyu qazılıb. Bu ərazidə son dönəmlər isə ilk torpaq sürüşməsi oktyabrın 10-da baş verib. Rəsmilər bildiriblər ki, oktyabrın 12-də axşam 11 evin sakini sürüşmə ərazisindən çıxarılıb, kommunal xidmətlər kəsilib.

Bundan başqa, son aylar Bayıl ərazisində başqa yerlərdə, Zığ qəsəbəsində və Bakının mərkəzində də sürüşmə halları qeydə alınıb.