Uzun müddətdir aclıq edən Fazil Qasımovun səhhətində problem yaranıb


Həbsxanada 136 gündür aclıq edən İstanbul Universitetinin doktorantı Fazil Qasımovun səhhəti ağır olaraq qalır.

7GÜN XƏBƏR-in məlumatına görə Fazil Qasımovun ailəsindən Turana deyiblər ki, oktyabrın 25-də onunla hazırda saxlanıldığı Penitensiar Xidmətin Müalicə müəssisəsində görüşləri olub.

“Görüşümüz nəzarət altında keçirildi. Fazilin səhhəti çox ağırdır. Dedi ki, ürəyinin ağrısından gecələr yata bilmir. Hədsiz dərəcədə çox çəki itirib. İmmuniteti çox aşağı düşüb. Biz onun hər an komaya düşəcəytindən narahatıq. Artıq Fazili sifətdən tanımaq belə mümkün deyil. Sanki quru qəfəsi qalıb”, ailə üzvü deyib.

* Fazil Qasımov 8 avqust 2023-cü il tarixində İstanbulda həbs edilib və Azərbaycana gətirilib. O, məşhur iqtisadçı və Azərbaycan hökumətinin tənqidçisi Qubad İbadoğlu ilə birlikdə saxta pul hazırlamaqda ittiham olunub. Lakin indi Fazil Qasımovun cinayət işinə İbadoğlunun işindən ayrı baxılır.

O, qanunsuz həbsinə etiraz əlaməti olaraq aclıq elan edib.

Tarix: 26.10.2024