Məhkəmə Fazil Qasımovu ev dustaqlığına buraxmayıb


İyunun 28-də Bakının Nərimanov Rayon Məhkəməsi hakim Hafiz Kamranovun sədrliyi ilə İstanbul Universitetinin doktorantı Fazil Qasımov barəsində seçilmiş həbs qətimkan tədbirnin ev dustaqlığı tədbiri ilə əvəz olunması barədə vəsatəti təmin etməyib.

7GÜN XƏBƏR xəbər verir ki, bu barədə Amerikanın Səsinə Qasımovun vəkili Rövşanə Rəhimli bildirib.

Onun sözlərinə görə, məhkəmədə ittiham tərəfi iştirak etməyib.

"Fazil Qasımovun özü məhkəmədə iştirak edirdi. O günahsız olduğunu, ittihamı qəbul etmədiyini, istintaq zamanı işgəncələrə və qeyr insani rəftara məruz qaldığınlı məhkəmə heyətinin diqqətinə çatdırdı”, o qeyd edib.

Vəkil bildirib ki, Qasımov işgəncəyə məruz qalmasına hüquqi qiymət verilməsi, barəsində açılan cinayət işinə xitam verilməsi və elmi fəaliyyətini davam etdirmək üçün Türkiyəyə qayıtmasına icazə verilməsi tələbi ilə iyunun 14-dən aclıq aksiyasına başlayıb. Aclığı sonadək davam etdirəcəyini bildirib.

“Onun səhhəti çox ağırdır. Əvvəllər mədəsindən əməliyyat keçirib. Məhkəmədə güclə ayaq üstə dururdu. Rəngi solmuş vəziyyətdə idi, hədsiz dərəcədə arıqlayıb”, Rəhimli qeyd edib.

Fazil Qasımov həbsinə etiraz olaraq iyunun 25-də ictimaiyyətə də müraciət edib.

“Səhhətimin ağır vəziyyətdə olmasına baxmayaraq, qanunsuz həbsimə və mənə qarşı baş verən kobud insan hüquqları pozuntularına ehtiraz olaraq aclıq etməkdən başqa yolum qalmayıb. Ya Azərbaycan həbsxanasında yaxın zamanda aclıqdan öləcəm, ya da Sizlərin dəstəyi ilə azadlığa çıxıb İstanbul Üniversitetində elmi fəaliyyətimi dəvam etdirəcəm”, o qeyd edib.

O, Azərbaycanda məcburi köçkün ailəsində böyüduyünü, qəbul imtahanında 700 maksimum baldan 693,75 bal toplayaraq Azərbaycan Prezidentinin təqaüdünə layiq görüldüyünü yazır.

“2010-cu ildə Türkiyəyə köçərək ali təsilimi İstanbul şəhərində davam etdirmişəm. 2019-cu ildən etibarən İstanbul Universitetində elmi təqdiqatlar aparıram. Mənim dünyagörüşüm təfəkkürüm, ictimai şüurum Türkiyədə inkişaf edib. Məni ləkəyənlər, Türkiyə müəllimlərini, Türkiyə Universitetlilərini, Türkiyə məzunlarını və bütövlükdə Türkiyə Cümhuriyyətini ləkələyirlər. Mənim çayıma psixotrop maddələr qatıb, başımı unitaza salıb ləyaqətimi alçaldanlar İstanbul Universitetinin tələbə, məzun və müəllimlərinin ləyaqətini alçaldıblar. Mən 2023-cü ilin may ayında Türkiyə vətandaşlığına müraciət etmişəm və iş vizam ola-ola, BMCMİ-nin tələbi ilə, 7 avqust 2023-cü ildə qanunsuz olaraq Türkiyədən deportasiya edilmişəm. BMCMİ-də dindirmə zamanı qeyri-inasani, qəddar, ləyaqəti alçaldan rəftara, ağır-işgəncələrə, hədə-qorxulara məruz qalmışam. 13 mayda Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevaya yazdığım ərizədə bu barədə ətraflı məlumat vermişəm. Bütün bu zorakılıqlara London İqtisadiyyat Məktəbinin (LSE) müəllimi Qubad İbadoğlu ilə birlikdə Londonda Azərbaycan Gənclərinin Təhsil Fondunu (ingiliscə, AYEF-Azerbaijani Youth Educational Foundation) qeydiyyatdan keçirdiyimizə və Azərbaycan İqtisadiyyatı ilə bağlı tədqiqatlar apardığımıza görə məruz qalmışam. Mən nə Türkiyədə, nə də Azərbaycanda cinayət törətməmişəm”, Qasımov qeyd edib.

O, Qubad İbadoğlu ilə ünsiyyətinin 2020-ci ilin mart ayında virtual formada yarandığını bildirib.

“Mən 2021-ci ilin dekabr ayında Qubad İbadoğluna Londonda təhsil fondu yaratmağı təklif etmişəm. Çünki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən icra olunan “2019-2023-cü illər xaricdə təhsil üzrə dövlət proqramı” nın müsabiqələrindən 3 dəfə mənfi cavab aldıqdan sonra Azərbaycan gənclərinin xaricdə təhsili üçün yeni təqaüd imkanları yaratmağa ehtiyac olduğu qənaətinə gəlmişdim. Əgər dövlət proqramının müsabiqələrindən müsbət cavab alsaydım, elmi işimi müdafiə etdikdən sonra Azərbaycana qayıdıb 5 il Azərbaycan Dövlət İqtsiad Üniversitetində müəllim işləyəcəkdim. Ancaq Azərbaycan Respubliaksı Elm və Təhsil Nazirliyinin əməkdaşları dövlət proqramından yararlanmağıma 3 dəfə qəsdən əngəl olmaqla, məndə Qubad İbadoğlu ilə Londonda təhsil fondu təsis etmək fikrinin yaranmasına səbəb oldu”, Qasımovun müraciətində deyilir.

“Təhsil Fondu (AYEF) Böyük Britaniyanın Xeyriyə Komissiyası tərəfindən qeydiyyata alındıqdan 23 gün sonra Qubad İbadoğlu, 39 gün sonra mən Azərbaycanda həbs edildim”, o əlavə edib.

Öz növbəsində Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Ibrahim Əmiraslanlı Amerikanın Səsinin sorğusuna cavab olaraq bildirib ki, fakta söykənməyən əsassız, şəxsi mülahizələrə şərh verilmir.

Hüquq müdafiəçisi Rüfət Səfərov Amerikanın Səsinə deyib ki, Fazil Qasımov “aşkar siyasi məhbusdur”.

“Ağır işgəncələr altında Qubad bəyin üzünə durub, bu günsə həqiqətləri deyir. Belə görürəm ki, xüsusilə, Təhsil Fondu ilə bağlı təşəbbüsləri hakimiyyəti qıcıqlandırıb. Fazil Qasımovun hüquqları qorunmalı və belə bir istedadlı gənc ölümə tərk edilməli deyil”, o qeyd edib.

2023-cü il avqustun 8-də Türkiyədə yaşayan iqtisadçı alim Fazil Qasımovun İstanbulda tutularaq Azərbaycana gətirilməsi barədə məlumatlar yayılıb. Sosial şəbəkələrdə Fazil Qasımovun həbsdə olan Qubad İbadoğluya qarşı qaldıılmış cinayət işinin istintaqı çərçivəsində saxlanıldığı bildirilib.

Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Qasımovun həbsini Amerikanın Səsinə təsdiq etsələr də, onun nədə ittiham olunduğunu deməyiblər.

Fazil Qasımov Qafqaz Universitetini bitirib (2017-ci il yanvarın 16-da fəaliyyətini dayandırıb), sonra Türkiyədə oxuyub, daha sonra İstanbul Universitetinin doktoranturasını bitirib.

Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunan Qubad İbadoğlu ötən ilin iyulunda həbs edilib və bu il aprelin 22-nə qədər həbsdə qalıb.

Çoxsaylı yerli və beynəlxalq çağırışlardan sonra aprelin 22-də İbadoğlunun həbsi ev dustaqlığı tədbiri ilə əvəz edilib.

Mayın 21-də isə ev dustaqlığı müstəntiqin qərarı ilə polisin nəzarətinə verilmə ilə əvəz olunub və iş üzrə istintaqın müddəti daha 3 ay (avqustun 20-dək) uzadılıb.

İbadoğlu ona qarşı ittihamların əsassız və siyasi olduğunu, fəaliyyətinə görə cəzalandırıldığını qeyd edir.