Apellyasiya Məhkəməsi vəkilin şikayətini təmin etdi


7GÜN XƏBƏR-in məlumatına görə, Bakı Apellyasiya Məhkəməsi vəkil Fariz Namazlının Səbail Rayon Məhkəməsinin onun Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı iddiasına baxmaqdan imtinası ilə bağlı şikayətini təmin edib. 

Apellyasiya instansiyası Səbail Rayon Məhkəməsinin qərarını qanunsuz hesab edib və işi mahiyəti üzrə baxılması üçün Səbail Rayon Məhkəməsinə qaytarıb, bu barədə Turan-a Fariz Namazlı bildirib. 

O qeyd edib ki, Səbail məhkəməsi əsassız olaraq onun şikayətinin məhkəmə baxışının predmeti olmadığı barədə hökm çıxarıb.
Şikayətin mahiyyəti ondan ibarətdir ki, avqustun 31-də axşam saatlarında DTX-nin əməkdaşları onu kafedə saxlayıblar, idarəyə aparıblar və 3 saat ərzində şahid qismində dindiriblər.

"Məni şahid qismində dindirsələr də, şübhəli şəxslərlə davrandıqları formada saxlayıblar və aparıblar", deyə Namazlı bildirib. Belə ki, onu iş günü başa çatdıqdan sonra saxlayıblar, mobil telefonunu əlindən alıblar, bu da həbsə bərabərdir.

"Şahid qismində dindirməyə ehtiyac var idisə, əvvəlcədən məlumat verib, DTX-yə dəvət edə bilərdilər. Məni isə faktiki olaraq saxlayıblar, telefonumu müsadirə ediblər, DTX-nin maşını ilə aparıblar və oraya çatana qədər saxlanılmağımın səbəbini bilmirdim", deyə vəkil qeyd edib.

Vəkil öz şikayətində Avropa Konvensiyasının 5-ci, 8-ci və 18-ci maddələrində zəmanət verilmiş hüquqlarının pozulduğunun etiraf edilməsini xahiş edir. DTX Namazlının bəyanatları ilə bağlı şərh vermir.