Ofeliya Məhərrəmova: “Digər məhbuslara verilən icazə mənim qızıma verilmir”
Abzas Media nəşrinin baş redaktoru Sevinc Vaqifqızı 1 saylı Bakı İstintaq Təcridxanasında ayrı-seçkiliyə məruz qalıb. Onun anası ilə görüşü qadağan edilib. Bu, onun növbədənkənar parlament seçkilərində İstintaq Təcridxanasında əcnəbilərin səs verməsi faktlarını ictimailəşdirməsindən sonra baş verib. 7GÜN XƏBƏR Turan-a istinadən xəbər verir ki, bu barədə jurnalistin anası Ofeliya Məhərrəmova bildirib. "Növbədənkənar parlament seçkilərindən sonra bizi Sevinclə görüşdürmürlər. Digər məhbuslara verilən icazə mənim qızıma verilmir. İstintaq Təcridxanasının rəisi Elnur İsmayılov mənə deyib ki, Sevinc sonuncu parlament seçkilərində səsvermədə əcnəbi vətəndaşların iştirakını ictimailəşdirdiyinə görə cəzalandırılıb. O, kimə şikayət etsək də, qərarını dəyişdirməyəcəyini deyib", deyə Məhərrəmova qeyd edib.
Vəkil Nemət Kərimlinin fikrincə, həbsdə olan şəxsə qarşı ayrı-seçkilik və ya İstintaq Təcridxanasından hansısa məlumatın ictimailəşdirilməsinə görə ona qadağa tətbiq olunması penitensiar müəssisələrin daxili qaydalarına, həmçinin qanunvericiliyə ziddir.
Vəkil jurnalistə anası ilə canlı görüşlərin qadağan edilməsini ayrı-seçkilik və qanun pozuntusu, həmçinin Vaqifqızına qarşı psixoloji təzyiq kimi qiymətləndirib.
Xatırladaq ki, Abzas Media-nın direktoru Ülvi Həsənliyə qarşı da bənzər məhdudiyyətlər tətbiq olunub.
Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.
* Vaqifqızı və Həsənli 2023-cü ilin noyabr - 2024-cü ilin yanvar ayları ərzində "Abzas Media-nın işi" üzrə həbs edilən altı jurnalist və mətbuat işçisi arasındadır. Sonradan bu iş üzrə iqtisadçı Fərid Mehralızadə də həbs olunub.
Əvvəlcə onların hamısına qarşı CM-in 206.3.2-ci maddəsi ilə (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ittiham irəli sürülüb. Lakin 16-19 avqust tarixlərində jurnalistlərə qarşı daha ağır ittihamlar irəli sürülüb: 192.3.2 (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə), 193-1.3.1 və 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş gəliri leqallaşdırma, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 206.4 (qaçaqmalçılıq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 320.1 və 320.2 (sənədləri saxtalaşdırma və saxta sənədlərdən istifadə), 213.2.1 (vergiləri ödəməkdən yayınma, mütəşəkkil dəstə tərəfindən törədildikdə).
Bu ittihamlar 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Jurnalistlər bütün ittihamları rədd edirlər.