Ülvi Həsənlinin qeyri-insani rəftara məruz qaldığı deyilir
"Ülvi Həsənlinin saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasındakı işgəncə faktları barədə yazandan sonra Elnur İsmayılov tərəfindən sistematik şəkildə qeyri-insani rəftara məruz qalır".7GÜN XƏBƏR Amerikanın Səsi-nə istinadən xəbər verir ki, bu barədə "Abzas Media"nın direktoru Ülvi Həsənlinin həyat yoldaşı Rübabə Quliyeva oktyabrın 4-də məlumat yayıb.
Quliyevanın sözlərinə görə, onun saxlanıldığı kameranın qapısındakı nəfəslik yayın isti günlərinə baxmayaq işgəncə məqsədi ilə bağlı saxlanılırdı. Rübabə Quliyeva həyat yoldaşına qarşı təzyiqin bununla bitmədiyini deyir:
"7 sentyabr tarixində Ülvi məhkəməyə aparılarkən Sevinc Vaqifqızını görüb, onlar salamlaşmaq istiyəndə Nail adlı "konvoy" (Penitensiar xidmətin əməkdaşı) tərəfindən Sevincin və digər türmə işçilərinin gözünün qabağında Ülvini vəhşicəsinə divara çırpıb və kürəyindən vurub".
Həyat yoldaşı məlumatda qeyd edib ki, Ülvi Həsənliyə olunan zorakılıqla bağlı şikayət edilsə də, nəticəsiz qalıb.
"13 sentyabrda isə şüşə arxasından görüş zamanı Ülvi mənə zərbədən kürəyindəki göyərmiş hissəni göstərib və kürəyində ağrıların olduğunu deyib. Sonradan vəkilləri ilə görüş zamanı onlara da göstərib. Vəkillər bununla bağlı aidiyyəti yerlərə şikayət etməklərinə baxmayaraq, Nail adlı həmin şəxs barəsində heç bir tədbir görülmədib", deyə, o, bildirib.
Quliyeva deyir ki, növbəti görüş 20 sentyabrda planlansa da, həbsxana rəhbərliyi görüşə icazə verməyib:
"Ayda bir dəfə Ülvinin qızıyla olan görüşünü min cür qeyri-insani rəftarla burnumuzdan gətirdilər və görüşə icazə vermədilər. Mənim 2 yaşlı qızım atasıyla görüş zamanı 1 saylı Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılov və işçiləri tərəfindən fiziki və psixoloji təyziqə məruz qalır. Elnur İsmayılov istirahətə gediyinə görə Ülvi qızı ilə görüşə bilmədi".
Həyat yoldaşının məlumatına görə, 27 sentyabr tarixində növbəti şüşə arxasından görüş zamanı onun qeyd dəftəri əlindən alınıb və görüş bitəndən sonra təhvil alacağı yerdə olmayıb.
"Kim hara aparmışdı və içində nə axtarırdılar bilmədim. Buna etiraz edəndə nəzarətçilər dedi "təzə qaydadır, bundan sonra qeyd dəftəri gətirə bilməzsən". Qeyd dəftərində Ülvinin istədiyi kitabları qeyd edirəm. Görüşlərin şüşə arxasından olmasına baxmayaraq, hər dəfə alt paltarıma qədər yoxlanıram. Hələ də nə axtardıqlarını başa düşmürəm", deyə Rübabə Quliyeva əlavə edib.
Məsələ ilə bağlı 1 saylı Bakı İstintaq Təcridxanasından mövqe almaq mümkün olmayıb.
Avqustun 21-də Rübabə Quliyeva sosial şəbəkələrdə Ülvi Həsənlinin həyatına təhlükə olduğu barədə məlumat yayıb.
Onun sözlərinə görə, avqustun 21-də Həsənli ilə növbəti telefon danışığında o bildirib ki, işgəncə faktları barədə yazandan sonra kamerasındakı bir nəfər ona qarşı xüsusilə təxribat xarakterli hərəkətlər edir:
"Ülvi dedi ki, narkotik ittihamı ilə həbs edilən təxminən 60 yaşlı bir şəxs bu məsələdən sonra xüsusilə onunla dava salmağa çalışır, ona durduğu yerdə hücum edir. Hətta bir neçə dəfə cibindən kəsici alət çıxararaq Ülvini hədələyib. Həmin adam barəsində yekun məhkəmə hökmü çıxarılsa da, hələ də həbsxanaya köçürülmür, təcridxanada saxlanılır. Ülvi hesab edir ki, bu şəxsi ona qarşı təxribat yaratması üçün orada saxlayırlar".
Həmin dövrdə Penitensiar Xidmət iddianı təkzib edib.
İyulun 31-də Ülvi Həsənlinin saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasındakı işgəncə faktları və işgəncəni həyata keçirən şəxslərdən bəhs edildiyi bildirilən "Məhbusları çarmıxa çəkib döyür, dəhlizlərdəki barmaqlıqlardan asırlar" adlı məqaləsi dərc olunub.
Məqalədə Həsənli son altı ayda qeydə aldığı işgəncə faktlarını təsvir etdiyini bildirir.
"Abzas Media" işi ilə bağlı nə baş verib?
"Abzas Media" ilə bağlı cinayət işi üzrə saytın direktoru Ülvi Həsənli ötən ilin noyabrın 20-də həbs olunub. İstintaqın həmin gün onun evində və "Abzas Media"nın ofisində axtarış apardığı və ofisdən 40 min avro pul tapıldığı bildirilib.
Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-ə keçən gecə xaricdən qayıdanda hava limanında saytın baş redaktoru Sevinc Vaqifqızı həbs olunub. Həmin iş üzrə jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs olunub.
Mayın 30-da isə "Abzas Media" işi üzrə iqtisadçı Fərid Mehralızadə saxlanılıb. İyunun 1-də Xətai Rayon Məhkəməsi iqtisadçı barəsində 3 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçib. Mehralızadə məhkəmədə təqsiri olmadığını və "Abzas Media" ilə heç bir işgüzar fəaliyyətinin olmadığını deyib.
Onların hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib.
Bu ilin avqust ayında isə "Abzas Media işi" üzrə həbs olunanlara qarşı 7 maddə ilə əlavə ittihamlar irəli sürülüb. Onlar Cinayət Məcəlləsinin 192.3.2-ci, 193-1.3.1-ci, 193-1.3.2-ci, 206.4-cü, 320.1-ci və 320.2-ci, 213.2.1-ci maddələri ilə (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə şəklində cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma, mütəşəkkil dəstə tərəfindən törədilmiş qaçaqmalçılıq, sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə, mütəşəkkil dəstə halında vergi ödəməkdən yayınma) maddələri ilə ittiham olunurlar.
Sentyabrın 9-da "Abzas Media işi" üzrə həbsdə olan şəxslərin ibtidai istintaqının yekunlaşdırıldığı bildirilir.
"İndi bütün təqsirləndirilən şəxslər və onların vəkilləri ayrı-ayrılıqda istintaq materialları ilə tanış olacaq. Daha sonra iş baxılması üçün məhkəməyə göndəriləcək", vəkil Elçin Sadıqov Amerikanın Səsinə bildirib.
Həmin iş üzrə bir sıra vətəndaş cəmiyyəti nümayəndəsi müxtəlif vaxtlarda Bakı Şəhər Baş Polis İdarəsində şahid qismində dindirilib, daha sonra sərbəst buraxılıblar.
Həbs olunanların heç biri özünü təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu deyir.
Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.
Azərbaycan hakimiyyəti isə ölkədə insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.