Elvin Mustafayev aclıq aksiyasına başlayıb


İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan üzvü Elvin Mustafayev aclıq elan edib.

7GÜN XƏBƏR-in məlumatına görə bu barədə Turan-a fəalın yaxınları bildiriblər.

O, sentyabrın 28-dən etibarən aclıq edir.

"Elvinin başında və onurğasında ağrıları var idi. Onu sentyabrın 20-də müalicə müəssisəsinə göndərmişdilər. Orada isə Elvini normal müayinə, müalicə etmirdilər, digər məhbuslarla əlaqə yaratmağa imkan vermirdilər, vəkilə telefon zənglərinə qadağa qoymuşdular. Sentyabrın 28-də onu yenidən cəzaçəkmə müəssisəsinə qaytarıblar. Etiraz əlaməti olaraq o, aclıq elan edib", deyə mənbə qeyd edib.

Elvin Mustafayev 4 avqust 2023-cü il tarixində Azərbaycanda saxlanılıb və narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunub. Mustafayev ittihamları təkzib edib, narkotikin onun üstünə polis əməkdaşları tərəfindən atıldığını bildirib. Yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.