TV əməkdaşlarının həbs müddəti 3 ay uzadılıb


Cümə axşamı Bakının Səbail Rayon Məhkəməsi Kanal-13 İnternet TV-nin rəhbəri Əziz Orucovun və bu resursun əməkdaşı Şamo Eminovun ilkin həbs müddətini 3 ay uzadıb.

7GÜN XƏBƏR xəbər verir ki, bu barədə Turan-a vəkil Bəhruz Bayramov bildirib.

Onun sözlərinə görə, həbs müddətinin uzadılması istintaqın göndərilmiş sorğulara cavab alması zərurəti ilə əsaslandırılıb. Müdafiə tərəfi jurnalistlərin həbsdə saxlanılmasını əsassız hesab edir. Yeri gəlmişkən, Orucov səhhətindəki problemlərlə əlaqədar hələ də Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılır.

* Əziz Orucov və Şamo Eminov 2023-cü ilin noyabr-dekabr aylarında mütəşəkkil qrupun tərkibində valyuta qaçaqmalçılığı ittihamı ilə həbs edilib. Hər ikisi ittihamları rədd edir, həbsin əsl səbəinin jurnalist fəaliyyətləri olduğunu hesab edirlər.

"Sərhədsiz Reportyorlar", "Beynəlxalq Amnistiya", "Avropa Jurnalistlər Federasiyası" və bir sıra digər yerli və beynəlxalq hüquq müdafiə təşkilatı, habelə Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi, AŞPA məruzəçiləri Bakını müstəqil KİV-lərə qarşı təzyiqə son qoymağa və həbs edilmiş jurnalistləri azad etməyə çağırıb.