Jurnalistlərin həbs müddəti uzadılıb


Mayın 21-də Səbail Rayon Məhkəməsi "Kanal 13" İnternet televiziyasının rəhbəri Əziz Orucovun və bu media strukturunun əməkdaşı Şamo Eminovun ilkin həbs müddətini daha 1 ay uzadıb.

7GÜN XƏBƏR xəbər verir ki, bu barədə Turan-a jurnalistlərin yaxınları bildiriblər.

Onların sözlərinə görə, məhkəmənin qərarlarından apellyasiya şikayəti veriləcək.

Xatırladaq ki, Əziz Orucov 27 noyabr 2023-cü ildə qanunsuz tikintidə ittiham edilərək üç ay müddətinə həbs edilib.

Dekabrın 19-da Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsilə (qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) ona qarşı yeni ittiham irəli sürülüb. Orucovu 8 ilə qədər həbs cəzası gözləyir.

Əziz Orucov 2017-ci ildə də qanunsuz sahibkarlıq ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. 2018-ci ildə Ali Məhkəmə cəzaya yenidən baxaraq ittihamı ləğv etdi.

*“Kanal-13” ilə əməkdaşlıq edən jurnalist-frilanser Şamo Eminov dekabrın 22-də saxlanılıb və "qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən qaçaqmalçılıq" ittihamı (Azərbaycan Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi) ilə üç ay müddətinə həbs edilib.