Professordan ADU ilə bağlı ilginc açıqlamalar…


Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullayevdən saxta diplom almış “məzun”ların siyahısını davam etdirəcəyəm. Bu gün isə onun diplom alveri ilə bağlı daha bir “innovasiya”sı barədə məlumat vermək istəyirəm”.

7GÜN XƏBƏR Dia-az.İnfo-ya istinadən bildirir ki, bu iddia ilə xeyli müddətdir ki, ADU rektoru Kamal Abdulla ilə bağlı ilginc iddiaları səsləndirən professor Həbib Zərbəliyev çıxış edib.

H.Zərbəliyev daha sonra sözlərinə belə davam edib:

“İndi qarpız mövsümüdür. Yaxşı qarpız yetişdirmək böyük səy tələb edir. Soruşa bilərsiniz ki, söhbət diplomdan gedəcəksə, qarpızın buna nə dəxli? Dəxli var, indi özünüz görəcəksiniz.

Gündən-günə “çiçəklənən” təhsilimiz elə bir vəziyyətə gəlib çıxıb ki, universitetlərə qəbul balı ildən-ilə aşağı salınmalı olur. Hər halda hələlik qəbul balı sıfırdan yuxarıdadır. Aşağı bal toplayıb universitetlərə göndərilən tələbələrdən bəziləri bir neçə gündən sonra oxuya bilməyəcəyini dərk edir və oxumaqdan imtina edir. Azərbaycan Dillər Universitetində də belə tələbələr olur. Lakin rektor Kamal Abdullayev onları universitetdən getməyə qoymur: “Bala, bura yaxşı universitetdir, sənədlərini götürmə. Diplom almaq üçün oxumaq vacib deyil. Biz sənə şərait yaradarıq, sonda gəlib diplomunu götürərsən”. Beləcə tələbə sənədləri götürməkdən vaz keçir. Diplomun behini almış Kamal Abdullayev diplomu qarpız kimi yetişdirməyə başlayır. Amma bu qarpız ən yaxşı halda 4 ilə yetişir. İldə 2 dəfə – yanvar və iyun aylarında Kamal Abdullayev becərmə prosesinə nəzarət edir. O, dekanlara həmin tələbənin “qarpız”ına qulluq etmək tapşırığı verir.

Boloniya prosesinin tələblərinə görə, tələbə hər bir fənn üzrə semestr ərzində minimum 34 bal, imtahanda isə minimum 17 bal toplamalıdır. Ona görə də Kamal Abdullayev “qarpız”ın becərilməsi üçün Universitetdə yalnız bir gün oxumuş qarpız sahibinə ilin hər iki mövsümündə bu balları yazdırır.

Bütün bu becərmə prosesini İndoneziyaşünaslıq ixtisasına qəbul olunmuş bir tələbənin becərmə vərəqinin mənə göndərilməsindən sonra müəyyənləşdirdim. O vaxt qarpız artıq 3-cü becərmə ilində idi. Araşdırdıqdan sonra məlum oldu ki, üzərində 34 bal göstərilmiş becərmə vərəqini heç də müəllimlərin hamısı imzalamayıb. Bu isə o demək idi ki, qarpız 4 ildən daha gec yetişəcək. Becərmə vərəqini imzalamayan müəllimlərin başına irəlidə nə oyunlar açıla biləciyini, yəqin ki, mənim əvvəlki yazılarımdan başa düşmək olar.

Bu yazının sadəcə söz oyunu olmadığını göstərmək üçün gələcək qarpız sahibinin becərmə vərəqlərindən birini sizə təqdim edirəm…”

Professordan ADU ilə bağlı ilginc açıqlamalar…