Ədəbi “avtoritet” Kamal Abdullaya kim əks gedə bilər ki? – Replika


Bir neçə il bundan əvvəl Kamal Abdulla haqqında tənqidi bir yazı yazıb, təbii olaraq da heç bir internet saytında dərc edə bilməmişdim.

Aydın məsələdir. Hər şey də ortada. Kimisi şəxsi münasibətlərə, kimisə bir tikə çörəyə, kimisi də Abdulla Kamalın xofuna görə keçə bilmirdi bu məzəmmətdən. İlahi, insan bu qədər də gözü kölgəli olarmı? Doğrudanmı həyat insanı bu günə qoyur, ya elə seçim belə olur?

Əlbəttə ki, Kamal Abdulla özü də bu vəziyyətdən xəbərdardır. O, özü də yaxşı bilir ki, bu gün ona olan təriflər, deyilə bilinməyən tənqidlər nəyə görədir. Nə demək olar? Yəqin, o da belə xoşbəxtdir.

Proseslər o qədər sürətlə gedir ki, baş verən heç nəyə artıq təəccüblənmək də olmur. Belə də, ədəbi “avtoritet” Kamal Abdullaya kim əks gedə bilər ki? O, lazım olanı pul ilə, kimisini hədə, kimisini də lap otağında döyməyi ilə susdura bilər. Əgər ki, ədalətli olsaydı, onun lotuluğunu da qəbul etmək olardı. Təəssüf ki, heç “seryozda”-da belə şeylər qəbul olunmur.

Kamal Abdulla daxil, bütün onun kimi adamlar haqqında məclislərdə kifayət qədər tənqid və təhqirlər olsa da, mətbuatda təriflər gedir. Məsələn, AYB sədri Anar haqqında da eyni vəziyyətdir. Bu müstəvidə Anar Kamal Abdulladan daha demokratik, daha ədalətlidir. Ona görə ki, Anar haqqında ən azından yazılar saytda gedə bilir, bunun qarşılığında da heç kim hədələnmir, yaxud da, Kamal Abdullanın tulaları kimi Anarın tulaları üstünə şığımır. Anarın tulaları daha səmimidir. Məsələn, yüngülvari bir ağız hürüb, bir atım yala da sakit dururlae. Üstəlik, Anar Kamal Abdullaya nisbətdə çox-çox böyük yazıçıdır.

Mən hər kəsi başa düşürəm, amma heç birini anlamıram. Ona görə ki, bu gün Azərbaycan ədəbiyyatında cavanlı-qocalı bir Kamal Abdulla mifi var. Yox, bu, onun əsərlərindəki mifalogiya filan deyil. Yəni, ondan qorxurlar. Özündən, sözündən, daha-daha nələrdən…

Bu, açıq-aydın ortadadır. Heç kim heç nəyi malalamasın. Onsuz da, hərə bir yol tapıb, tərifini də edir, bir tikə çörəyini də qazanır.

Məsələnin ən kədərli tərəfi isə gənclərin də Kamal Abdulladan necəsə qorxması, çəkinməsidir. Gözümüzün önündə əvvəl-əvvəl azadlıq deyən, ədəbi vicdandan, ləyaqətdən danışan qələmçilərin hamısı yıxıldılar. Biri yüngül mükafata, biriləri də uzağı beş yüz, min manata. Demək, bu qədər imiş. Demək ki, bu imiş. Heyif qələmdən, heyif belə gənclikdən. Heç olmasa, kaşki, gənclik belə olmayaydı, qorxmayaydı. Məsələn, xırda bir həqiqət. Kim necə başa düşür düşsün. Heç kim ac qalmayacaq. Bu ölkədə bir tikə çörək hamıya tapılır.

Düzdür, belə şeylər həmişə olub, olacaq da. Amma adam istər-istəməz kədərlənir. Bir ovuc olan ədəbiyyat dünyasında, dünya boyda çirkinliklər adamı diksindirir.

Orxan Saffari