Sevinc Sadıqova qısa müddətə saxlanılıb


Azel TV-nin YouTube kanalının reportyoru Sevinc Sadıqova iyunun 8-də polis tərəfindən qısa müddətə saxlanılıb.

7GÜN XƏBƏR xəbər verir ki, bu barədə Turan agentliyinə onun özü məlumat verib.

Saxlanılmaya səbəb onun Facebook-da Bakıda Ukrayna meydanı yaxınlığında yerüstü piyada keçidində insanların liftdə qalmasl ilə bağlı canlı yayımı olub.

“İsti idi, insanlar liftdə boğulurdu. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri gecikirdi. Ona görə də xilasetmə işlərini sürətləndirmək üçün məsul strukturların diqqətini problemə cəlb etmək istədim, canlı yayım açdım. Dedim ki, belə hadisələrin səbəbi məmurların korrupsiyasıdır. Dövlət başçısının abadlıq üçün ayırdığı pullar mənimsənilir. Və korrupsionerlərin əvəzinə, korrupsiyadan yazan jurnalistləri həbs edirlər. Bir polis əməkdaşı mənim reportajıma müdaxilə etməyə başladı. Mən polisi və Daxili İşlər Nazirliyinin rəhbərliyini insanların problemlərini işıqlandırmaqda əngəl törətdiklərinə görə tənqid etməyə başladım. Bundan sonra zorakılıqla saxlanıldım”, - deyə Sadıqova bildirib.

O, Xətai rayon 35-ci polis bölməsinə aparılıb.

“Orada məni təhqir etməyə və ələ salmağa başladılar. Onlar inzibati həbslə hədələyirdilər. Mənə ağ xalat geyindirib ruhi xəstəxanaya aparacaqlarını deyirdilər. Sonra yaşlı bir kişini gətirdilər. O, icazəsiz onu keçiddə lentə aldığım üçün məni təhqir etməyə başladı”, - Sadıqova davam edib.

Məlumata görə, onu şöbədə iki saat saxladıqdan sonra sərbəst buraxıblar.

Binadan çıxandan sonra Sadıqova yenidən canlı yayım açaraq bölmədə başına gələnləri danışıb.

Sadıqova qeyd edib ki, polis yenidən onun çəkilişinə müdaxilə etməyə başlayıb və o, təkrar saxlanılmamaq üçün ərazini tərk edib.

Daxili İşlər Nazirliyi Sadıqovanın açıqlamalarına reaksiya verməyib.