Əfqan Sadıqov “Tubzon”a köçürülüb
Azel.tv saytının təsisçisi və redaktoru Əfqan Sadıqov cəzaçəkmə müəssisəsindən vərəm xəstələri üçün xüsusi müalicə müəssisəsinə köçürülüb. 7gun.org “Turan”a istinadən xəbər verir ki, bu barədə onun həyat yoldaşı Sevinc Sadıqova bildirib.Onun sözlərinə görə, qida qəbulundan imtina etdiyi 240 gün ərzində Əfqanın vəziyyəti kəskin şəkildə pisləşib, səhhətində ciddi problemlər yaranıb. Onlardan biri ağ ciyərin 80%-ni əhatə edən ləkələrdir.
“Buna görə Əfqanı Penitensiar Xidmətin Müalicə Müəssisəsindən 3 saylı ixtisaslaşmış xəstəxanaya köçürmək qərarı qəbul edilib. O, Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin müşahidəsi altındadır və müalicə alır.
Biz Əfqanla şüşə arakəsmədən görüşdük, o, aclığı dayandırdıqdan sonra kilosu artıq 7-8 kq artıb”, deyə Sevinc Sadıqova bildirib.
Azel.TV-nin rəhbəri Əfqan Sadıqov ötən ilin mayında hədələmə yolu ilə pul tələb etmək ittihamı ilə həbs edilib. 2020-ci il noyabrın 3-də məhkəmə onu 7 il müddətinə azadlıqdan məhrum edib. Hökmü ədalətsiz hesab edən Sadıqov noyabrın 4-dən etiraz əlaməti olaraq aclıq elan edib. Yanvarın 28-də Apellyasiya Məhkəməsi cəza müddətini 6 ilə qədər azaldıb.
Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.
İyulun 2-də Azərbaycan Ali Məhkəməsi Əfqan Sadıqovun kassasiya şikayətini qismən təmin edib. Məhkəmə onun cəza müddətini 6 ildən 4 ilə endirib. Bundan sonra o, ailə üzvlərinin israrı ilə aksiyanı dayandırıb.