"Qoy ədliyyə naziri Fikrət Məmmədov da cəzaçəkmə müəssisəsinə gəlsin, məhbuslara verilən qidanın dadına baxsın, məhbusların vəziyyəti ilə tanış olsun"
Jurnalist Əfqan Muxtarlı ədliyyə naziri Fikrət Məmmədovu 16 saylı cəzaçəkmə müəssisəsinə baş çəkməyə və məhbuslara verilən qidanın keyfiyyəti ilə yerindəcə tanış olmağa çağırıb.
Yanvarın 30-da jurnalist Almaniyada siyasi mühacirətdə olan həyat yoldaşı Leyla Mustafayevaya zəng edib və onun nazirə müraciətini KİV-də yaymağı xahiş edib.
Bu müraciət cəzaçəkmə müəssisəsində məhbuslara verilən qidanın keyfiyyətinin aşağı olması ilə bağlıdır.
"Müdafiə naziri vaxtaşırı əsgərlərlə nahar edir. Qoy ədliyyə naziri Fikrət Məmmədov da cəzaçəkmə müəssisəsinə gəlsin, məhbuslara verilən qidanın dadına baxsın, məhbusların vəziyyəti ilə tanış olsun", deyə Mustafayeva həyat yoldaşından sitat gətirib.
Onun sözlərinə görə, jurnalist mətbuat vasitəsi ilə nazirə müraciət etmək məcburiyyətindədir, belə ki, Penitensiyar Xidmət rəhbərliyi onun Məmmədovun adına yazdığı məktubları ədliyyə nazirinə göndərməkdən imtina edir.
Öz növbəsində, Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov Muxtarlının həbsxana qidasının keyfiyyətinin pis olması haqqında bəyanatına mürnasibət bildirərkən qeyd edib ki, "məhbuslar üçün hazırlanan yemək daimi nəzarət altındadır".
"Məhbuslar üçün hazırlanan yemək müvafiq xidmətin də, cəzaçəkmə müəssisəsi əməkdaşlarının da ciddi nəzarəti altındadır", deyə Sadıqov qeyd edib.
"Penitensiar Xidmət üçün əsas məsələ məhbusların fiziki cəhətdən sağlam olmasıdır", deyə o əlavə edib.
Əfqan Muxtarlı 2017-ci ilin mayında Tbilisidə oğurlanıb və gizlicə Azərbaycana göndərilib. Burada o, qaçaqmalçılıq, sərhədi qanunsuz keçmə və sərhədçiyə bədən xəsarəti yetirmə ittihamları ilə həbs edilib.
2018-ci ilin yanvarında Muxtarlı 6 il müddətinə azadlıqdan məhrum edilib.
Amnesty İnternational beynəlxalq hüquq müdafiə təşkilatı onu "vicdan məhbusu" kimi tanıyıb.
Turan