Rübabə Quliyeva: "Qızım bu 2 saat ərzində yetərincə travma aldı"


"1 saylı Bakı İstintaq Təcridxanasının ("Kürdəxanı") rəisi Elnur İsmayılovun 1 yaşlı körpəmə yaşatdığı işgəncə!

8 mart günü növbəti dəfə Ülvi ilə görüşə getmişdik. Bir gün qabaq bizə deyildi ki, Ülvi ilə təkbətək görüşə icazə veriləcək və qızımızı da gətirim".

7GÜN XƏBƏR xəbər verir ki, bu sözləri Abzas Media-ın həbsdə olan rəhbəri Ülvi Həsənlinin həyat yoldaşı Rübabə Quliyeva bildirib. Daha sonra o, qeyd edir:

"Səhər Suadı (qızım) yuxusundan oyadıb təcridxanaya apardım. 1 saat körpə uşaqla soyuq havada gözlədikdən sonra bizə deyildi ki, Ülviyə xəbər göndərmişik, gəlir. Biz təcridxanaya daxil olduğumuz andan qızım hədsiz gərginləşdi, ağlamağa başladı. Səbəb isə tanımadığı adamın (nəzarətçi) onun geyimini davamlı yoxlaması və sanki nəsə tapmağa çalışması idi. Bu da qızımın qışqırıqlarını daha da artırdı. Başa düşürəm prosedurdur, amma onlar o qədər səviyyəsizdirlər ki, 1 yaşlı körpənin geyiminin altında türməyə nəsə keçirəcəyimi fikirləşirlər. ))

Təbii olaraq uşağımın bu narahatlığı məni hədsiz gərginləşdirdi. Ancaq yenə də səbr edirdim ki, atasını görəcək. Bizə gözləməyimizi dedilər. Yarım saat keçsə də, Ülvini hələ də gətirməmişdilər. Onsuz da görüşə gələn adam çox idi. Qızım bu qədər tanımadığı adamın içində heç vaxt olmayıb. Bu, onu narahat edirdi və getdikcə daha çox ağlamağa başladı.

Ülvi gələndə bizə deyildi ki, təkbətək görüşə icazə verilməyəcək. Mənə dedilər ki, “uşağı ver, aparıb özümüz Ülviyə göstərək. Sonra geri qaytararıq”. Mən əlbəttə ki, uşağımı onlara heç vaxt vermərəm və təbii ki, bundan imtina etdim. Etirazımı bildirdim, nəticədə bizə yenə də şüşə arxasında görüş təklif edildi. Ülvi və mən onlara qətiyyən şüşə arxasından görüşməyəcəyimizi bildirdik. Bu görüşə Ülvi qızımızı görsün deyə gəlmişdik! Qızıma görə çox gərgin idim. Etirazımı bildirdim ve baş verən hadisəni ictimailəşdirəcəyimi deyib qızımla oradan çıxdım.

Qızım bu 2 saat ərzində yetərincə travma aldı. Maşında qızımı sakitləşdirməyə çalışırdım. Türmə rəisi xəbər göndərdi ki, “burda nə var? Ülvi qızını görmək istəyirsə, anası uşağı versin nəzarətçilərə, onlar içəri aparıb görüşdürsünlər”. Mən qətiyyən uşağımı heç kimə verməyəcəyimi və görüşdən imtina etdiyimi bildirdim.

Təcridxananın rəisi qızımın, mənim və Ülvinin bütün əsəblərini məhv edəndən sonra lütf edib minnətlə xəbər göndərdi ki, “yaxşı, gəlsinlər, şərait yaradıram Ülvi 5 aydan sonra 1 dəqiqəlik qızını qucağına alsın”.

Qızım güclə sakitləşmişdi ki, Ülvi qızını görsün deyə, məcbur yenidən eyni gərginliyi uşağıma yaşatmalı oldum. Biz içəri girən kimi qızım yenə ağlamağa başladı. Ülvi onu qucağına aldı, öpdü və otaqdan dərhal çıxarıldıq.

Haqqımız olan görüşü ala bilmədik. Sonrada ələ salar kimi 1 dəqiqəlik görüşə guya razılıq verdilər. Sadəcə 1 dəqiqəyə görə 1 yaşlı uşağa utanmadan necə travmalar yaşatdılar. Guya bu 1 dəqiqəlik görüşü bu qədər gərginlik yaşatmadan versəydilər dünya dağılardı? Təbii ki, yox! Görünür, bu daydaylar 1 yaşlı körpə qızımıza da yaşatdıqları işgəncə ilə öz aləmlərində qisas alırlar.

Bizim qızımız çox güclüdür, siz çox cılızsınız! Sizin övladlarınızı bilmirəm, amma əminəm ki, mənim qızım atasıyla fəxr edəcək!"-deyə, Rübabə Quliyeva bildirib.