Əvəz Zeynallı: “Elnur ilk insandır ki, mənim üzümə durmadı”
Elnur Şükürov deyir ki, Əvəz Zeynallının əleyhinə ifadə verməsini istəyiblər"Xural TV” internet televiziyasının rəhbəri Əvəz Zeynallı və onunla birlikdə mühakimə olunan "Səda TV” adlı "Youtube” kanalının idarəedicisi Elnur Şükürovun məhkəməsi başa çatmaq üzrədir.
Fevralın 23-də onlar məhkəmədə son sözlərini deyiblər.
Onların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyilə baxılır.
Hakim elan edib ki, Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı məhkəməyə ərizə ilə müraciət edib.
O, müraciətində həyat yoldaşının peşə fəaliyyətindən bəhs edib, Əvəz Zeynallı haqqında ədalətli qərar verilməsini istəyib.
Məlahət Zeynallnın müraciəti cinayət işinin materiallarına əlavə olunub.
Məhkəmədə Elnur Şükürovun vəkili Ramin Məmmədov çıxış edərək, müvəkkili haqqında bəraət hökmü çıxarılmasını istəyib.
Vəkilin sözlərinə görə, Elnur Şükürova qarşı irəli sürülmüş ittihamların heç bir əsası yoxdur: "İttihamlardan biri dələduzluqdur. Hardadır bu işdə dələduzluq? Ən biabırçı hal Sumqayıt epizodu ilə bağlıdır. Sumqayıt Şəhər İcra Hakimiyyətindən gedib sərəncamı götürməklə Elnur Şükürov kimə təsir edə bilərdi?”
Vəkil gecə saat 4-5 radələrində Elnur Şükürovun evində axtarış aparılmasından danışıb.
Müdafiəçinin sözlərinə görə, onun yanında müvəkkilini hədələyiblər ki, əgər Əvəz Zeynallının əleyhinə ondan tələb olunan ifadəni verməsə, həbs ediləcək: ""Rəis” adlandırdıqları adam gəldi, Elnur Şükürova dedi ki, ya Əvəz Zeynallının üzünə duracaqsan, ya da həbs olunacaqsan, başqa yol yoxdur”.
Vəkil deyir ki, onun yanında müvəkkilinə qarşı bu cür davranışı həm də özünə qarşı hörmətsizlik hesab edir.
Daha sonra təqsirləndirilən şəxslər son sözlərini deyiblər.
Elnur Şükürov bildirib ki, onu Nərimanov parkında qəfildən tutublar. Saxlanılarkən ona verilən ilk sual isə belə olub: "Əvəz Zeynallının iadə edəcəyi sənəd hardadır?”
Onun sözlərinə görə, gecə saat 4 radələrində 12 nəfər evinə axtarışa gedib. Elnur Şükürov deyir ki, prokurorluq işçiləri həmin gecə onun evinə soxulmuşdular: "Buna "baxış keçirmək” demək olmaz. Bu, evə soxulmaqdır. Nəzərə almadılar ki, evdə xəstə anam, epilepsiyadan əziyyət çəkən həyat yoldaşım, azyaşlı uşaqlar var. Onlara dedim ki, heç olmasa, uşaqlar yatan otağa 12 nəfər yox, 2 nəfər girin ki, qorxmasınlar. Ona belə insafları çatmadı. Uşağın gündəliyinin arasına qədər axtardılar. Uşaqlardan birini gecə saat 4-də qaldırıb, yatağını axtardılar. Bunun adı "baxış”dır? Məmurların evinə də belə soxulurlar? Uşaqlarıma travma yaşatdılar. Onun nəticəsidir ki, uşaqlardan birinin indi harada olduğunu məhkəmə bilir”.
Elnur Şükürov deyir ki, prokurorluğa gələndən sonra ondan açıq şəkildə Əvəz Zeynallının əleyhinə ifadə tələb olunub. O isə razılaşmayıb: "Mənə dedilər ki, eybi yox, razılaşmırsan, o zaman gününü görərsən. Dediklərini də elədilər. Göz görə-görə bir ailəni məhv eləyirlər. Təsəvvür edin, həbs qətimkan tədbiri barədə qərarda yazılıb ki, Bakı İstintaq Təcridxanasında saxlanmalıyam. Amma məni DTX-ya köçürdülər. 15 gün təkadamlıq kamerada qaldım. Ümumilikdə 140 gün orada qaldım. Bunun 139-undan şikayətim yoxdur. Bir gün məni vəkillə görüş adıyla apardılar, Kərəm Həsənovun adından gələn adamla görüşdürdülər. O kim idi, kim göndərmişdi? Mənə 140 gün ailəmlə, azyaşlı uşaqlarımla görüşməyə imkan verməyiblər. Halbuki, ölkəni talayanlarla, dövlətə xəyanət edənlərlə belə davranmırlar”.
Elnur Şükürov bildirib ki, heç kimdən pul istəməyib və almayıb. Onun sözlərinə görə, müəyyən adamların icra hakimiyyətindən icazə almaq problemini onlara kömək məqsədilə həll edib: "İndi Suraxanının icra başçısı Əziz Əzizov gəlib burada deyir ki, guya mən onun haqqında materiallarla fəaliyyətinə kölgə salmışam. Mən onun Suraxanıdakı fəaliyyəti barədə heç bir material verməmişəm. Ancaq Cəlilabaddakı fəaliyyətini haqlı olaraq tənqid eləmişəm. Cəlilabadlılara Əziz Əzizov qədər zülm verən ikinci icra başçısı olmayıb. Rayonun sərhəddə yerləşən kəndləri onun üzündən boşalıb. Rayonda şərləmənin təməlini o qoydu. Bu adam 12 il icra başçısı işlədiyi dövrdə sanki Cəlilabaddan qisas aldı. Sabunçunun icra başçısı Adil Vəliyev gəlib burada deyir ki, "mən jurnalistləri saymıram”. Amma bizə ittiham verilib ki, guya icra başçılarının qərarlarına təsir göstərmişik”.
Elnur Şükürov çıxışının sonunda məhkəmədən bəraət hökmü istəyib.
Daha sonra Əvəz Zeynallı çıxış edib. O bildirib ki, 11 cildlik cinayət işində çoxsaylı qanunsuzluqlar var: "İnsanı tutmaq da olar, cəzalandırmaq da. Amma belə yox…”.
"Xural TV” rəhbərinin sözlərinə görə, zərərçəkmiş qismində tanınan Ruslan Vəliyev özünü zərərçəkmiş hesab etmədiyini məhkəmədə də bildirib, amma onun bu statusuna xitam verilmir:
"Onu atası ilə hədələyib, ifadə verməyə aparıblar”.
Əvəz Zeynallı evində axtarış zamanı qanunsuzluqlara yol verildiyini, Avropa Məhkəməsinin qərarıyla ona verilmiş kompensasiya da daxil olmaqla, hətta "Birbank” kartının da götürüldüyünü bildirib: "Yoldaşım Qasım Məmmədovla (Baş Prokurorluğun İstintaq İdarəsinin rəis müavini) görüşüb, deyib ki, heç olmasa, "Birbank” kartını qaytarın, ailəyə, uşaqların təhsilinə görə lazımdır. Bundan sonra əksinə, götürüb məhkəmədən qərar alıb, o kartı bloklatdırıblar. Nəzərə almayıblar ki, evdə xəstə anam var. Yataq xəstəsi olan qayınatam da mənim himayəmdə idi”.
Əvəz Zeynallı vurğulayıb ki, cinayət işində onu vəzifəli şəxs kimi təqdim ediblər. Halbuki, uzun müddətdir işsiz idi.
"Xural TV” rəhbəri Elnur Şükürova da ayrıca təşəkkür edib: "Elnur ilk insandır ki, mənim üzümə durmadı. Ona hamının qarşısında minnətdarlıq eləmək istəyirəm. Mən siyasi məhbus deyiləm, mən vicdan məhbusuyam. Bu cinayət işi də sözün davasıdır…”.
Bu yerdə Əvəz Zeynallının çıxışı yarımçıq dayandırılıb. O, çıxışını fevralın 26-da davam etdirəcək. Ardınca onların haqqında çıxarılmış hökm elan olunacaq.
Əvəz Zeynallı 2022-ci il sentyabrın 9-da həbs olunub. Ona qarşı ilk ittiham "Baku Steel Company” MMC – poladəritmə zavodunun keçmiş rəhbəri, hazırda həbsdə olan Rasim Məmmədovun həyat yoldaşından 20 min manat alınmasıyla bağlı olsa da, sonradan yeni ittihamlar da irəli sürülüb.
Lakin o, özünü təqsirli bilmir, susdurulması üçün siyasi sifarişlə həbs olunduğunu deyir.
Elnur Şükürov isə 2022-ci il sentyabrın 13-dən həbsdədir.
O da təqsirsiz olduğunu və Əvəz Zeynallının əleyhinə ifadə vermədiyinə görə cəzalandırıldığını deyir.
Prokuror Əvəz Zeynallının 10 il, Elnur Şükürovun isə 5 il azadlıqdan məhrum edilməsini istəyib. (Meydan TV)