"Ovçular” kolbasa-sosislərindən şikayət çoxdur – Ekspert açıqladı


Ölkədə standartlara uyğun, əla növ kolbasa və sosiaslər istehsal edən çox az sayda şirkət, müəssisə var. Yüzlərlə kolbasa növü satışa çıxarılsa da, onlardan cəmi 2-3 şirkətə adi olanlar məsləhət görülür. Hazırda ən çox şikayət “Ovçular” firmasına aid məhsullarla bağlıdır.

7GÜN XƏBƏR-in məlumatına görə bu sözləri Tribunainfo.az-a Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib. O qeyd edib ki, “Ovçular”la bağlı gün ərzində birliyə tez-tez telefon zəngləri daxil olur:

“O müəssisədə vəziyyətin necə olmasından məlumatımız yoxdur. Şikayətlər də müəssisənin normal işləməməsi qənaətini gücləndirir. “Ovçular” kimi bir çox müəssisə var ki, məhsullarının üzərində etiket olmur və ya etiketə yanlış məlumatlar yerləşdirirlər. Bu məhsulları almaq məsləhət görülmür.


Təəssüf ki, Qida Təhlükəsizliyi Agentliyi də bu gün ancaq belə məhsulların üzərindəki etiketlə tərkibin uyğunluğunu yoxlayır. Keyfiyyət məsələsi demək olar ki, tamamilə kənarda qalıb. Təəssüf ki, keyfiyyətsiz məhsul da təhlükəlidir”.

E.Hüseynov bildirib ki, həmçinin xaricdən gətirilmiş kolbasa və sosislər də məsləhət görülmür:

“Xüsusilə Rusiya və Belarusiyadan gətirilən belə məhsulların hansı müəssisələrdə hazırlanması haqda bilmirik”.

Yeri gəlmişkən deyək ki, bir neçə gün öncə "Ovçular ət və ət məhsulları” MMC-nin rəhbəri Səməd Cəfərov və onun ortağı Rahim İsgəndərov barəsində dəhşətli məlumatlar əldə etmişik. Hazırda araşdırmalarımız davam edir.

Qeyd edək ki, Rahim İsgəndərov Müdafiə Naziri Zakir Həsənovun kadrı olub. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarnda yüksək vəzifə tutan Rahim İsgəndərov sonradan Müdafiə Nazirliyinin təchizat idarəsinin rəisi olub. O, külli miqdarda yeyintiyə yol verdiyi üçün nazirin qəzəbinə tuş gəlib. Elə buna görə də Zakir Həsənov Rahim İsgəndərovu vəzifəsindən azad edib. Belə bir məlumat var ki, Zakir Həsənov Rahim İsgəndərovu həbs etdirmək üçün bütün güc və imkanlarını səfərbər edib. Ancaq sonradan necə olubsa nazir bu fikrindən yayınıb. Maraqlıdır ki, Rahim İsgəndərov Zakir Həsənovu necə "ram" edib?

Mövzuya qayıdacağıq.