Oliqarx icra başçısının sərvəti: Azərbaycandan xaricə uzanan imperiya


Abşeronun icra başçısı Abidin Fərzəliyevlə bağlı zaman-zaman mediada ilginc məlumatlar yayılıb. Amma indiyə qədər həmin məlumatların heç biri əsaslı təkzib olunmayıb.



O, hələ Nərimanov rayonunda icra başçısı olduğu vaxtlarda da mərc/qumar oyunlarına maraq göstərdiyi, vaxtaşırı ova getməsi barədə məlumatlar yayılırdı. Hətta bir dəfə böyük məbləğdə pul uduzduğu da vurğulanmışdı.

7GÜN XƏBƏR xəbər verir ki, bu barədə sosial şəbəkələrdə də məlumat yayılmışdı, lakin bir neçə dəqiqədən sonra həmin məlumatlar mediadan silindi.

Abidin Fərzəliyev böyük sərvət sahibi və oliqarx icra başçısı kimi də tanınır.

Nərimanov sakinləri dəfələrlə ölkə başçısına da ondan şikayətlənmişdilər. Bildirirdilər ki, Abidin Fərzəliyev Nərimanov rayon ərazisini qarış-qarış satıb.

Onun bu ənənəni indi də Abşeron rayonunda davam etdiyi qeyd olunur.

“O, şəxsi tikintilərdən, yüksək mərtəbəli binalardan, kafe və restoranlardan tutmuş hər şeydən pul alır. Abidin Fərzəliyev bütün alış-veriş işlərini Nurlan Həsənov vasitəsilə edir”, - deyə Abşerondakı mənbə bildirir.

Sakinlər qeyd edirlər ki, icra başçısı heç bir hədd tanımır:

“İndiyə qədər Abidin Fərzəliyev barəsində də ölkə mətbuatında kifayət qədər ciddi məlumatlar yayılıb. Məlumatlarda onun rüşvət alması və dövlətin vəsaitlərini mənimsəməsi bildirilib. Maraqlıdır, həmin məlumatlar niyə araşdırılmayıb? Görünür, onu qoruyan var. Bildiyimiz qədərilə onu bir zamanlar Əli Həsənov müdafiə edirdi. Ancaq indi kimin çətirinin altındadır, dəqiq bilinmir”.

Abidin Fərzəliyevin biznes imperiyasının ölkə sərhədlərini aşdığı da qeyd edilir: “Bəzi məlumatlara görə onun Çində, Türkiyədə və Gürcüstanda böyük biznes şəbəkəsi var. Abidin Fərzəliyev qazancını ölkədən çıxarıb, xaricə sərmayə yatırır”.