Masallı rayonunda nələr baş verir?


Araşdırmaçı-jurnalist Aqil Quliyev Masallı rayon ərazisində fəaliyyət göstərən otel, restoran və ailəvi istirahət mərkəzlərində baş verən nöqsanlarla bağlı Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevə, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə və digər dövlət qurumlarına müraciət edib.

7GÜN XƏBƏR xəbər həmin müraciəti olduğu kimi təqdim edirir:

Ekologiya və Təbii Sərvətlər Naziri cənab Muxtar Babayevə

Surəti: Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevə

Surəti: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə

Surəti: Qida Təhlükəsizliyi Agentliyinə


Hörmətli nazirlər, məlum olduğu kimi, bu gün ölkədə sahibkarlığın inkişafı üçün yaradılmış şəraitdən sui-istifadə halları var.

Belə ki, Masallı rayon ərazisində fəaliyyət göstərən otel, restoran və istirahət mərkəzləri ilə bağlı bəzi məlumatlar əldə etmişəm.

Məlumatda bildirilir ki, yuxarıda qeyd edilən ictimai iaşə obyektlərdə ekoloji və sanitar qaydalara riayət olunmur. Belə ki, həmin ictimai iaşə obyektlərin əksəriyyətinin sanitar qovşaqlarından əmələ gələn çirkab sular 230 min əhalisi olan Masallı rayonunu içməli su və kənd təsərrüfatı sahələrinin suvarılmasını təmin edən Viləş Çayına və meşə ərazisinə axıdılır. Bu azmış kimi məişət və qida tullantıları da məhz həmin əraziyə atılır. Bütün bunların nəticəsidir ki, üfunət iyindən ərazidə hərəkət etmək mümkün deyil. Nəzərə almaq lazımdır ki, yay mövsümü ilə əlaqədar rayona təşrif buyuran qonaqlar buradakı eybəcər mənzərənin şahidi olurlar. Bu da turizmin inkişafı üçün müəyyən maneələr yarada bilər.

Problemlər bunlarla bitmir. Masallı rayonunda fəaliyyət göstərən kafe, restoran və istirahət mərkəzlərin demək olar ki, hamısında vergidən və digər dövlət ödənişlərindən yayınma halları vardır. Bu məqsədlə həmin obyektlərdə müştərilərə qəbz verilmir və obyekt sahibləri işçilərlə əmək müqaviləsi bağlamadan onları işə cəlb edir. Yəni bu yerlərdə insan əməyi sözün həqiqi mənasında istismar olunur. İşçilər həkim müayinəsindən keçmirlər. Bu da son illər Yer kürəsin bürüyən virusların yayılmasına şərait yaradır. Hətta bəzi məlumatlara görə, həmin obyektlərdə azyaşlı uşaqların əməyə cəlb olunması hallarına da rast gəlmək olur.

Bundan başqa, Masallı rayon ərazisində fəaliyyət göstərən otel, restoran və istirahət mərkəzlərində müştərilərə mənbəyi və mənşəyi məlum olmayan qidalar verilir. Hətta belə bir məlumat var ki, günlərlə soyuducularda qalan, vaxtı keçmiş (köhnəlmiş) yeməklər müştərilərə satılır.

Burda həmin obyektlərin adlarını qeyd etmək istəmirəm. Bilirsiz niyə? Çünki mən adları burda bir-bir yazsam obyektlərin havadarları araşdırmanın qarşısını alacaq. Ona görə də sözügedən obyektlərin adlarını araşdırma mərhələsində deyəcəm.

Hətta bəzi otel sahibləri də var ki, İqtisadiyyat Naziri Mikayıl Cabbarovla yaxın əlaqələrinin olduğunu deyərək, heç nədən çəkinmədiklərini dilə gətirirlər. Yəqin ki, bütün bunlar araşdırma zamanı məlum olacaq.

Mövcud qanunvericiliyin tələblərinə əsasən mənim və ya digər əməkdaşımızın iştirak ilə Masallı rayonunda ictimai iaşə obyektlərindəki yuxarıda qeyd olunan halların araşdırılması üçün müvafiq qaydada tapşırıq vermənizi Sizdən xahiş edirəm.

Hörmətlə,

Araşdırmaçı-jurnalist Aqil Quliyev