Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin Vizzəmin meşəbəyliyində dərəbəylik


Ölkə mətbuatında və sosial şəbəkələrdə cənub bölgəsindəki meşə massivlərində baş verən talançılıq barədə saysız-hesabsız məlumatlar yayımlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin rəhbərləri isə uzun müddətdir ki, meşələrin qorunmasına cavabdeh olan məsul şəxslərin bilavasitə törətdikləri ekoloji cinayətləri ört -basdır etməklə ictimaiyyəti aldatmağa çalışırlar. Bundan öncə Masallı Regional Meşə Təsərrüfatı Mərkəzindəki anarxiya və cinayət xarakterli qanun pozuntuları haqqında yazmışdıq. Araşdırmalar apararaq öyrəndik ki, meşə massivlərində ağacların soyqırımına şərait yaradan məsul vəzifəli şəxslərdən biri də 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Şakir Quliyevdir.

Hal-hazırda əldə etdiyimiz məlumata görə Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin Vizzəmin meşəbəyliyinin 16 saylı meşə dolayında dövlət meşə fondunun ərazisi satılıb və orada obyekt tikilib. Bibiyan şəlaləsi də həmin ərazidədir. Obyektin tikildiyi sahəyə yol çəkilib. Meşə fonduna daxil olan ağaclar kəsilərək ərazidən daşınıb. Lənkəran rayon sakinlərinin bildirdiyinə görə sözügedən ərazi

Şakir Quliyevin rəhbərliyi altında külli miqdarda rüşvət qarşılığında satılıb. Guya Şakir Quliyev danışıb ki, Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayevin müavini Vüqar Kərimovun da alış - verişdən xəbəri var və öz "pay"ını alıb. Tikintisi başa çatmış obyektin sahibinin adı isə qapalı saxlanılır. Görünür, "od olmayan yerdən tüstü çıxmaz".

Məlumatın doğruluğunu aydınlaşdırmaqdan ötrü Şakir Quliyevlə əlaqə saxlamağa cəhd etsək də telefon bağlantısı qura bilmədik.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

7GÜN TV

Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin Vizzəmin meşəbəyliyində dərəbəylik