Nazirə kim(lər) “quyu qazır”?- ŞOK FAKTLAR


Əlizamin Talıbov: “Mən cənab Nazirə pul verib gəlmişəm” deyir

Azərbaycan Respublikası ikinci dəfə özünün müstəqillik hüququnu əldə etdikdən sonra, dövlətimizin əksər qurumlarının daha təkmil qaydada formalaşmasına, bəzilərinin isə yenidən yaradılmasına ehtiyac duyuldu. Bu sırada Ekologiya və Təbii Sərvətlər Nazirliyi də, yeni yaradılan dövlət qurumlarından biri oldu. Belə ki, adı çəkilən bu nazirlik 23 may 2001-ci il tarixdə mərhum prezidentimiz Heydər Əliyevin imzaladığı Fərman əsasında yaradılıb və nazirliyin əsas funksiyası ölkəmizin ərazi hüdudlarında, o cümlədən Xəzər dənizinin Azərbaycana aid hissəsində ətraf mühiti qorumaq, ətraf mühitdən istifadəni təşkil etmək, hidrometeoroloji proseslərin müşahidəsini, proqnozlaşdırılmasını və s. kimi məsələləri həyata keçirməkdən ibarətdir. Bu kimi vəzifələrin həyata keçirilməsindən əlavə, Nazirliyin qarşısında bugünkü və gələcək nəsillərin sağlamlığını təmin etmək, iqtisadi potensialın qorunmasını və təbii ehtiyatlardan səmərəli istifadə olunmanı təşkil etmək kimi strateji məsələlərin həlli də, qarşıda duran əsas vəzifələrdir. Faktdır ki, bu gün əksər sahələrlə bərabər ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunub saxlanılması olduqca əhəmiyyət kəsb edir. Yəni, bu sahə ilə bağlı indiyə kimi çoxsaylı proqramlar işlənib hazırlanıb, ekoloji tarazlığın qorunması sahəsində mühüm addımlar atılıb. Hətta, beynəlxalq ekoloji proqramların həyata keçirilməsi, təbii sərvətlərin mühafizə olunması, milli parkların və ekoloji şəbəkənin yaradılması və s. istiqamətində də müəyyən tədbirlər görülüb.

Bu yöndə aidiyyatı dövlət qurumları tərəfindən lazımi addımların atılmasına baxmayaraq, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzində çalışan bir neçə nəfər əməkdaşın GundemXeber.az xəbər portalının redaksiyasına çatdırdıqları məlumatlara görə, adı çəkilən bu Mərkəzin direktoru Əlizamin Talıbovun haqsızlığa söykənən əməlləri heç bir sərhəd tanımır. Çatdırdıqları məlumatlara görə, bu şəxs 01 aprel 2022-ci il tarixdən başlayaraq Regional Meşə Təsərrüfatı Mərkəzində optimallaşma adı altında bir neçə nəfər işçini ixtisara salır. Yəni, qeyd olunan Mərkəzə yenicə direktor təyin olunmuş Əlizamin Talıbovun bu cür əməllərini təhlil etsək o halda görərik ki, həyata keçirilən ixtisarlar həm lazımsız addımdır, həm də meşə zolaqlarının kütləvi şəkildə məhv edilməsinə geniş yollar açır. Bir sözlə, bu yöndə ixtisarlar həyata keçirildiyindən meşəbəyi köməkçilərinə aid ştatlar ləğv olunur. Halbuki meşə zolaqlarının qorunub mühafizə olunmasında və bərpa işlərinin həyata keçirilməsində hər bir işçınin, o cümlədən meşəbəyi köməkçilərinin də lazımi xidmətləri olur. Müəyyən səbəblər üzündən meşəbəyilər işdə olmadıqda onları köməkçiləri əvəz edirlər. Direktor Əlizamin Talıbovun bu yöndə atdığı addımlar səbəbindən, bir çox meşəbəyilərin köməçisi ştatları ləğv olunur. O halda sual oluna bilər ki, ekstremal vəziyyətlərdə meşəbəyiləri kimlər əvəz edəcəklər?. Diqqət yetirmək lazımdır ki, Əlizamin Talıbovun “müdrik addımları” sayəsində yanğın keşıkçıləri ştatları da ləğv olunumuşdur. Ötən illərdə Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin əhatə etdiyi meşə zolaqlarında bir neçə dəfə yanğın hadisələri baş vermişdi. Bəs indi necə olacaq? Yanğın keşikçiləri böyük qüvvə idilər və onlar həyatları bahasına yanğınları kustar üsullarla olsa belə söndürürdülər. Demək burada başqa məqsəd var. Yəni, Əlizamin Talıbovun başlıca məqsədi meşə zolaqlarını qorumaq, ərazilərdə bərpa işlərini təşkil etmək deyil, əksinə meşə zolaqlarında məhvetmə kompaniyasını həyata keçirməkdir. Axı, meşə zolaqlarında olan yüzillik ağaclar da canlıdırlar və onlar insanlara nəfəs verir, hər kəsin su ilə təmin olunmasına müəyyən qədər dəstək olur. Ona görə də nə qədər ki, Xalıqverdi Hüseynov kimi, bu şəxsin regionlara təyin etdiyi Əlizamin Talıbov kimi şəxslər vəzifə başındadırlar, deməli yerli sakinlərin nə suları, nə də ki, normal havaları olacaq. Cənab Nazir bugünə kimi bir neçə departament, xidmət rəhbərini dəyişdirib. Diqqət yetirək ki, hər təzə təyin olunan rəhbər şəxs “Meşə işçilərini ixtisara salmaq lazımdır” deyir. Həmin vəzifə sahibləri çox götürqoy etdikdən sonra, sanki “böyük inqilab” etmək qərarına gəlirlər. Ay dinini, imanını satanlar! Görəsən həmin vəzifə sahiblərindən hansısa biri “cənab Nazir, meşə işçilərinin əmək haqqları çox aşağıdır, meşə gözətçiləri günün 18 saatını meşə zolaqlarında keçirirlər. Onlar meşə ağaclarının məhv olmasının qarşısını alırlar” deyə, öz təkliflərini irəli sürüblərmi? Əslində iki növbəli ştatlar olmalıdır ki, meşələri gecə-gündüz qorumaq mümkün olsun.

Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin ştat cədvəlinə əsasən, bir müddət bundan öncə 27 nəfər fəhlə iş ilə təmin olunurlar. Çatdırılan məlumatlara görə, Əlizamin Talıbov işə götürülmələrinin qarşılığında onların hər birindən 2000 (iki min ) manat rüşvət alır. Bu şəxsin digər vəzifələrə təyin etdiyi şəxslərdən də, təqribən 7000-10000 manat məbləğində rüşvət aldığı söylənilir. Bir sözlə, ilk əvvəl optimallaşma adı ilə işçilər ixtisar olunurlar və yenidən təyinat düzülüb-qoşulur. Belə bir yollarla Əlizamin Talıbovun qısa zaman kəsiyində üstüstə 300000 (üç yüz min ) manat pul qazandığı söz-söhbəti yayılıb. Bu da olur Xalıqverdi Hüseynovun optimallaşması! Hansı şəxs istənilən məbləğə etiraz edirsə, o halda Əlizamin Talıbov “Mən cənab Nazirə pul verib gəlmişəm” deyir.

Əgər cənab Nazir etibar etdiyi nümayəndələrini Masallı RMTM-nə göndərib lazımi yoxlamaları həyata keçirtdirərsə, yəni işdən çıxarılmış, yaxud da ixtisara düşmüş işçilərlə fərdi qaydada, amma rəhbərliyin iştirakı olmadan söz-söhbətlər apararlarsa, o halda nələrin baş verməsindən, hansı hoqqaların yaşanmasından lazımınca xəbərdar olmaq mümkün olar. Çatdırılan məlumatlara görə, rəhbərlik ixtisara salınmış işçilərin son əmək haqlarını, kompensasiyalarını hələ də ödəmək fikirində deyil. Qanuna əsasən belə bir ödənişlər üç gündən gec olmayaraq ödənməlidir. Qanunun belə bir tələbinə baxmayaraq, direktor Əlzamin Talıbovun və MİX-nin direktoru Xalıqverdi Hüseynovun göstərişinə əsasən, bugünə kimi heç bir ödəmələr həyata keçirilməyib. Çatdırılan məlumatlara görə bu şəxslərin məqsədi o olur ki, ödənilməli olan pulların yarısı onlara çatsın. Düşünürük ki, cənab Nazir tərəfindən Masallı RMTM-də baş alıb gedən üzücü biabırçılıqlara təcili son qoyulmazsa, o halda yerlərdən yuxarı instansiyalara ünvanlanan ərizə və şikayətlərin sayı da çoxalacaq. Mövzuya qayıdacağıq. Yazıda adı çəkilən hər kəsi dinləyə bilərik.

“Gündəm Xəbər”

P.S. Hörmətli oxucular!. Çox yaxın günlərdə Masallı Regional Meşə Təsərrüfatı Mərkəzininin direktoru Əlzamin Talıbovun, son ayyarım müddət ərzində qol qoyduğu və sanki hər kəsi şoka salabiləcək əməllərindən bəhs etməyə çalışacağıq. Odur ki, bizi izləməyi unutmayın.