İntiqam Hacılı: “Siz kimisiniz axı, hüquqşünas, yoxsa vəkil?"
Lənkəran Dövlət Dram teatrında aktyor işləyən Amil İbrahimli işdən kənarlaşdırılıb.7GÜN XƏBƏR xəbər verir ki, bu haqda Bizim.Media-ya aktyorun özü məlumat verib.
Amil İbrahimli şikayətində özünə qarşı olan haqsızlıqları və teatrda baş verən özbaşınalıqları qeyd edib.
İyul ayının 14-də Lənkəranda mədəniyyət nazirinin qəbulunda olduğunu bildirən Amil İbrahimli ayın 17-də nazirlikdə müvafiq şöbədə qəbulda olub. Qəbulda şikayəti ilə əlaqədar məsələlər müzakirə olunub. Ona məsələnin araşdırılacağı deyilib.
İki gün əvvəl isə teatrın direktor əvəzi İntiqam Hacılının əmrinə əsasən Amil ibrahimli işdən azad edilib.
Məsələ ilə bağlı teatrın direktor vəzifəsini müvəqqəti icra edən İntiqam Hacılı ilə əlaqə saxlasaq da suallarımıza cavab ala bilmədik.
“Siz kimisiniz axı, hüquqşünas, yoxsa vəkil? Sizə niyə açıqlama verməliyəm” deyən İ.Hacılı telefonu üzümüzə bağlayıb.
Qeyd edək ki, Lənkəran dövlət dram teatrı ilə bağlı redaksiyamıza dəfələrlə şikayətlər daxil olub.
Yanvar ayında baş rejissor və aktyor heyəti arasında ciddi qalmaqal yaranmışdı. Məlumata görə, tərəflər bir-birlərinin üzərinə qayçı ilə hücum çəkmişdilər.
Daha sonra isə ədiblərimizi təhqir edən tamaşa səhnələşdirildiyi üçün yazarlar teatr rəhbərliyinə ciddi və haqlı etiraz etsələr də, rəhbərlik bu məsələni də qulaqardına vurmuşdu.
Görəsən, İntiqam Hacılının məqsədi nədir? Müvəqqəti icra etdiyi Lənkəran Dövlət Dram Teatırını nüfuzdan salmaq, yoxsa işçiləri bir-birinə düşmən etmək?!