Aytən Məmmədova: “Tərtər İşi” ilə bağlı cəzalandırılmalı ən əsas şəxslərdən biri hakimlərdir
İşgəncələr hesabına etirafedici ifadələrlə həbsə məhkum olunan və işgəncələrdən ölən insanların yaxınlarının prinsipial mübarizəsi “Tərtər İşi” ilə bağlı bir çox həqiqətləri üzə çıxardı.Artıq bu işgəncələrdə iştirak edən bir neçə şəxs cinayət məsuliyyətinə cəlb olunub.
Həmin şəxslərin məhkəmə prosesində aydın olur ki, hazırda zərərçən kimi tanınan bu şəxslər həbs edilən zaman ağır işgəncələrdən sonra hakim qarşısına çıxarılıb və onlar barəsində həbs-qətimkan tədbiri seçilib. Ancaq bu prosesdə görünən odur ki, əsas məsuliyyəti olan bu hakimlər unudulub.
7GÜN XƏBƏR-in məlumatına görə, “Tərtər İşi” ilə bağlı olayları, məhkəmə proseslərini izləyən jurnalist Aytən Məmmədova Gununsesi.info-ya deyir ki, “Tərtər İşi” ilə bağlı cəzalandırılmalı ən əsas şəxslərdən biri hakimlərdir: ” Məlum olur ki, həbs qərarı almaq üçün adamları xərəkdə, sifətində, bədənində salamat yer olmadan hakim qarşısına çıxarıblar. Bu hakim də sual verməyib ki, qarşımda dayanan adam niyə bu gündədir?
Bu adama işgəncə verildiyini bilirsən və göz yumursan – bunun adı hər nədirsə, insanlıq deyil. İnsan olan kəs heç bir canlıya qıymaz”.
Ekspert Ərəstun Oruclu isə hesab edir ki, “Tərtər İşi” hərtərəfli və obyektiv araşdırılmadığına görə belə mənzərə yaranıb:
” Bu iş tam araşdırılmalı idi. Bu işdə əsas məsuliyyət daşıyan adamlar kənarda qalıb. Ona görə də ilk həbs qərarı verən hakimlərin cəzasız qalması məndə təəcüb yaratmır”.