Laçın obalarında müəmmalı ölüm – Müəllim 1 metr dərinliyi olan çayda necə “BOĞULUB”


Dünən, 01 sentyabr 2022- ci il tarixdə Ağcabədi rayonun Laçın obaları adlanan ərazidə müəmmalı ölüm hadisəsi baş verib. Laçın rayonun Katos kənd orta məktəbinin sinif müəllimi Əliyev Rövşən Əmirxan oğlunun Ağcabədi rayonu ərazisindən keçən Qarqar çayında naməlum səbəbdən “boğulması” ilə bağlı 7gun.org saytına məlumat daxil olub.

Rövşən Əliyevin ölümü ilə bağlı bir sıra suallar ortaya çıxıb və suallara aydınlıq gətirmək məqsədilə əməkdaşlarımız qısa araşdırma aparıblar. Araşdırma nəticəsində və şahidlərin ifadələrindən məlum olub ki, dünən Rövşən Əliyev, Laçın rayonu 1 saylı Şeylanlı kənd orta məktəbinin direktoru Valodya Məmmədov və direktorun xalası oğlu Qəhrəman adlı şəxslə Ağcabədi rayonu ərazisindən keçən Qarqar çayına balıq tutmağa gediblər. Saat 17.00 radələrində Rövşən dərinliyi 1 metr olan çayda müəmmalı şəkildə “batıb”.

Laçın obaları sakinlərinin yardımı ilə bir neçə saat sonra Rövşən Əliyevin cəsədi sudan çıxarılıb. Hadisə ilə bağlı Ağcabədi rayon polis şöbəsində araşdırmalar başlanılıb.
Əməkdaşlarımızın hadisə ilə bağlı apardığı araşdırmalar bir sıra məqamları ortaya çıxarıb. Məlum olub ki, qalmaqallı və qanunsuz əməlləri ilə gündəmə çevrilən Laçın rayon Katos kənd orta məktəbinin direktoru Vaqif Hüseynovun mərhumla münasibətləri yaxşı olmayıb. Bir neçə gün öncə direktor Vaqif Hüseynovun çobanı ilə mərhum Rövşən Əliyevin mübahisəsi polisə şikayətlə sonuclanıb. Ondan öncə Rövşən Əliyevin dəfələrlə direktor Vaqif Hüseynovun qohumları tərəfindən hədələnməsi və borc məsələləri barədə söylənən fikirlər Taxta Körpü qəsəbəsində dolaşmaqdadır. Rövşən Əliyevlə balıq tutmağa gedən şəxslərin Vaqif Hüseynovla qohumluq əlaqələri olduğu bildirilir. Direktorun qalmaqallı həyatı son günlər Laçın obalarında böyük səs-küyə səbəb olub. Bu barədə növbəti yazıda ətraflı məlumat verəcəyik. Xatırladaq ki, Vaqif Hüseynov ixtisası uyğun olmasada illərdir məktəb direktoru vəzifəsində çalışır və qohumlarını məktəbdə müxtəlif qanunsuz yollarla işlə təmin edib. Şagirdi olmayan Katos kənd orta məktəbində baş alıb gedən qanun pozuntuları ilə bağlı Təhsil nazirliyinə və prokurorluğa ünvanladığımız faktlar hazırda araşdırılır və qısa zamanda bu barədə ətraflı məlumat verəcəyik.
Dünən baş verən və Qarqar çayının 1 metr dərinliyində “boğulan” Rövşən Əliyevin ölümü ilə bağlı təyin olunan ekspertizanın nəticəsi də maraqlı olub. Mənbənin bildirdiyinə görə, Rövşən Əliyev boğulmayıb və onun daxili orqanlarına su dolması faktı təsdiqini tapmayıb. Lakin ekspertizanın nəticəsi barədə heç bir sənəd əldə edə bilməməyimiz yuxarıda qeyd etdiyimizin həqiqət olduğunu təsdiqləmir.

Katos kənd orta məktəbinin müəlliminin ölüm hadisəsini araşdıran istintaq orqanlarının hadisəyə obyektiv qiymət verəcəyinə şübhə etmirik. Hadisə yerində Valodya Məmmədov və Qəhrəman adlı şəxslərdən başqa kimin olduğunu da öyrənmək çətinlik yaradan məsələdir. Bundan başqa hadisə şahidlərinin bildirdiyinə görə Rövşən Əliyevin baş nayihəsində müxtəlif xəsarətlər olub. Bu da hadisənin səbəbinə aydınlıq gətirməkdə yardımçı faktdır.

Yazıda adı hallanan şəxslərin mövqeyini işıqlandırmağa hazırıq.

Mövzuya qayıdacağıq.
Laçın obalarında müəmmalı ölüm – Müəllim 1 metr dərinliyi olan çayda necə “BOĞULUB”