Ədliyyə Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirilib


7GÜN TV "Amerikanın Səsi"nə istinadən xəbər verir ki, avqustun 24-də Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının fəalları Ədliyyə Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirib. Onlar Ədliyyə Nazirliyinin bu partiyanı qeydiyyata almaqdan imtina etməsinə etiraz edib.

Aksiya iştirakçıları "Ədliyyə Nazirliyi Azərbaycan Demokratiya və Rifah Partiyasını qeydiyyata al!", "Ədliyyə Nazirliyi, Konstitusiyaya əməl et!" şüarları səsləndirib.

“Son ildə Ədliyyə Nazirliyi 9 siyasi partiyanı qeydiyyata alıb. Biz danışığa getmirik deyə bizi qeydiyyata almırlar. 2014-cü ildən bu prosesi uzadırlar. Biz heç bir danışıqlara getməyəcəyik, qanuni vasitələrlə partiyanın qeydiyyata alınmasına nail olacağıq. Lazım gələrsə, Avropa məhkəməsinə qədər gedəcəyik,” partiya fəalı Hüseyn Məlikov deyib.

İştirakçılardan ikisi ədliyyə Nazirliyinə dəvət olunub və qəbul şöbəsinin rəisi Kamal Hüseynov qəbul edib.

Partiyanın sədr müavini Ədalət Yusibov bildirib ki, Hüseynov Ədliyyə Nazirliyinin rəhbərliyilə əlaqə saxlayıb, sonra bütün sənədlərlə rəhbərliyə qəbula gəlməyi təklif edib ," o deyib.

Azərbaycan Demokratiya və Rifah Partiyası 2015-ci ildə yaradılmış Demokratiya və Rifah Hərəkatının bazasında 2021-ci il oktyabrın 17-də təsis edilib. Təşkilata iqtisad elmləri doktoru, professor Qubad İbadoğlu rəhbərlik edir.

Ədliyyə Nazirliyi artıq dördüncü dəfə ADR Partiyasının dövlət qeydiyyatına alınmaq üçün təqdim etdiyi sənədləri çatışmazlıqların olması səbəbi ilə geri qaytarıb.

Bu gün keçirlən etiraz aksiyasının qətnaməsində deyilir ki, Ədliyyə Nazirliyinin qanun pozuntusuna təkrar-təkrar yol verməsi o deməkdir ki, nazirlik bu qayda ilə ADR Partiyasının dövlət qeydiyyatına alınma prosesini sonsuzadək uzada bilər.

“Bu həmçinin ona işarədir ki, Prezident Administrasiyasından ADR Partiyasının dövlət qeydiyyatına alınmasına icazə verilməyib.

ADR Partiyası bildirir ki, Ədliyyə Nazirliyi tərəfindən bu cür kobud, qərəzli, bilərəkdən edilmiş qanun pozuntusu yolverilməzdir və cinayətdir!

ADR Partiyasına qarşı edilmiş bu qanunsuzluğa etiraz edir və Ədliyyə Nazirliyini qanunun tələblərinə əməl etməyə çağırırıq!” sənəddə qeyd edilir.

Ədliyyə Nazirliyi hələ partiyanın qətnaməsinə münasibət bildirməyib.