“Gəncə işi” üzrə həbsdə olan şəxslərin ailə üzvləri etiraz aksiyası keçiriblər
Bu gün, mayın 24-də “Gəncə işi” üzrə həbs olunanların yaxınları Prezident Adminstrasiyasının binasının qarşısında etiraz aksiyası keçiriblər. Polis aksiyaya müdaxilə edib, iştirakçıları Prezdent Administrasiyasının qarşısından uzaqlaşdırıb, saxlanılan olmayıb.7gun.org “Turan”a istinadən xəbər verir ki, aksiya iştirakçıları övladlarının fotolarını qaldırıb. Bu zaman polislərlə qarşıdurma yaşanıb.
3 iyul 2018-ci ildə Gəncədə şəhərin o zamankı icra hakimiyyəti başçısı Elmar Vəliyevə sui-qəsd törədilib. Gəncə sakini Yunis Səfərov onu və cangüdənini yaralayıb.
Bundan sonra iyulun 10-na Gəncə administrasiyasının binası qarşısında etiraz aksiyası təyin edilib. Həmin gün şəhərdə iğtişaşlar baş verib və bu iğtişaşlar zamanı iki polis əməkdaşı qətlə yetirilib. Bunun ardınca dindarların və başqa şəxslərin kütləvi həbsləri başlayıb.
Bu hadisələr üzrə 70 nəfərə qarşı cinayət işi qaldırılıb. Təqsirləndirilən şəxslər 6 ildən 18 ilədək azadlıqdan məhrum ediliblər. 10-a yaxın şəxs şərti olaraq azad edilib.
Yunis Səfərov və digər 11 nəfərin məhkəməsi 2020-ci ilin yanvarında başlayıb.