Masallıda nələr baş verir?


Kriminal qruplaşmalarla iş birliyində olduğu deyilən Nəsimi Cəfərovun daha yüksək posta gətirilməsində kimlər maraqlıdır?

Təxminən 42-45 gün öncə Masallı rayonunda birinci qrup əlil Emin Əhədov Azər və Spartak Nadirov qardaşları tərəfindən döyülüb. DİN-in Mətbuat Xidmətinin Lənkəran Regional Qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayevin sözlərinə görə fakt üzrə Masallı rayon Polis Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsiylə cinayət işi başlanılıb və araşdırma davam etdirilir. Hələlik cinayət işi üzrə heç kim təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməyib. Maraqlıdır ki, niyə?

Emin Əhədovun atası Əhəd Əhədov istintaqın ləngidilməsindən, prosessual hərəkətlərin qərəzli və qeyri-obyektiv aparılmasından narahat olduğunu bildirir. Əhəd Əhədov deyir ki, polis əməkdaşı Nəsimi Cəfərov da hadisə baş verən yerdə olub: "Azər və Spartak Nadirov qardaşları mənim oğlum birinci qrup əlil Emin Əhədovu döyəndə polis əməkdaşı Nəsimi Cəfərov kənarda durub olanları seyr edirmiş. Halbuki, o, ictimai asayişi qoruyan şəxs kimi birbaşa müdaxilə etməli, cinayətkarları saxlamalı idi. Ancaq bunun tam əksi baş verdi. Bilirsiz niyə? Çünki Nəsimi Cəfərov Azər və Spartak Nadirov qardaşları ilə yaxın münasibətdədir. Ona görə də mənim oğlumun qanı batırılır".

7GÜN TV olaraq əldə etdiyimiz məlumata görə Nəsimi Cəfərovun Masallı rayon Polis Şöbəsinin rəisi Azay Ağayevlə yaxın əlaqələri var. Hazırda Nəsimi Cəfərovun vəzifədə irəli çəkilməsi üçün Azay Ağayev dəridən-qabıqdan çıxır. Eşitmişik ki, Azay Ağayev Nəsimi Cəfərovu Cinayət-Axtarış Bölməsinə rəis təyin etdirmək üçün hərəkətə keçib. Hətta, artıq Nəsimi Cəfərovla bağlı Daxili İşlər Nazirliyinə təqdimat da göndərib.

Əhəd Əhədovun sözlərindən belə məlum olur ki, Nəsimi Cəfərov rayondakı kriminal qruplaşmanın başında duranlardan biridir?! Belə olan halda onun böyük bir rayonda mühüm posta təyin edilməsi ciddi problem deyilmi?

Bu gün sosial şəbəkələrdə başqa bir məlumata rast gəldik. Belə ki, Baxışzadə İlqar Rafael oğlu ölkə başçısı İlham Əliyevə və Daxili İşlər Naziri Vilayət Eyvazova müraciət edir. O, 15.07.2022-ci il tarixində Masallı rayonunun mərkəzində rayon Polis Şöbəsinin əməkdaşı Nəsimi Cəfərov tərəfindən saxlanıldığını, bu zaman ona fiziki zorakılıq olduğunu və məcburi qaydada şöbəyə aparıldığını bildirir. Müraciətdə İlqar Baxışzadə nə üçün saxlanıldığını yazmayıb. Ancaq o, müraciətində bildirib ki, ondan sərbəst buraxılması üçün Nəsimi Cəfərov 40000 manat pul tələb edib. İlqar Baxışzadə aparılan danışıqlardan sonra 15000 manat verib sərbəst buraxıldığını yazır. O, bütün bunlara dözməyərək intihar etmək istəyib. Ancaq son anda onu valideyinləri xilas edə biliblər.

Əldə etdiyimiz məlumata görə artıq bu məsələ ilə bağlı DİN-nin 102 xidmətinə müraciət olunub. Araşdırmalar aparılır.

Mövzunu diqqətdə saxlayacağıq.

Aygün Mustafayeva