DİN-in 102 xidmətinə şikayət edən şəxsi susdurmaq üçün cibinə tərəzi, adını isə “narkotacir” qoydular?


Susdurmaq üçün cibinə tərəzi qoyuldu, özünü isə “narkotacir” kimi təqdim etdilər. Söhbət Lənkəran Rayon Polis İdarəsi əməkdaşlarının “peşəkarlığından” gedir. Buyurun, hadisə haqda daha ətraflı məlumat əldə edin.

7GÜN TV xəbər verir ki, Lənkəran rayon sakini Zamin Əliyev qızı Diana Əliyevanın telefonda kiminləsə gərgin mübahisə etdiyini görür. Qızının qeyri-adi hərəkətlərindən şübhələnən ata, onun telefonunu əlindən alaraq, gələn mesajlara baxır. Mesajda tanıdığı bir polis zabitinin, yəni Lənkəran Rayon Polis İdarəsində Cinayət Axtarış Şöbəsinin rəisi vəzifəsində çalışan Zülfüqar Orucovun Dianaya yazdığı əxlaqsız təklifini görür. Bundan hiddətlənən Zamin Əliyev 102 xidmətini yığaraq Zülfüqar Orucovdan şikayət edir.

102-yə məlumat veriləndən bir neçə gün sonra Zamin Əliyevə qarşı yerli polis əməkdaşları tərəfindən təqib və təzyiqlər başlayır. Atanın susmayacağı polis əməkdaşlarını narahat etdiyindən, ondan birdəfəlik qurtarmağın yolunu arayırlar. Və bunun üçün Zamin Əliyevin keçmiş həyat yoldaşı Vüsalə Əliyevadan istifadə etmək qərarına gəlirlər…

Vüsalə Əliyevanın keçmiş həyat yoldaşı ilə münasibətləri pis olduğundan, polisin təklifinə qeyd-şərtsiz razı olur. Polis əməkdaşlarının tapşırığına görə, Zamin Əliyevin Lənkəranda olduğu vaxtı müəyyənləşdirib (Zamin Əliyev Bakı şəhərində yaşadığından rayonda az-az olurdu – müəl.) onlara xəbər verəcəyini tapşırırlar.

Təxminən oktyabr ayının 28-də Zamin Əliyev yaşadığı kənddən taksi ilə keçmiş həyat yoldaşı Vüsalə Əliyeva və qızı Dianayla birgə Lənkəran şəhərinə gələrkən, V.Əliyeva polis əməkdaşlarını əvvəlcədən anlaşdıqları kimi xəbərdar edir. Şəhərin girişində DYP əməkdaşları taksini, guya, arxasında ağır yük apardığını iddia edərək, saxlayırlar. Taksi sürücüsü ilə DYP əmakdaşının mübahisəsindən istifadə edən digər polis əməkdaşları maşının ön oturacağında əyləşən Zamin Əliyevi yerə düşürərək, qollarını qandallayıb, Lənkəran şəhər Polis İdarəsinə aparırlar.

İdarədə Zamin Əliyevin “Məni niyə həbs etmisiniz” sualına “Səni narkotik ticarətinə görə həbs etmişik” cavabını verirlər. “Siz məni narkotik satarkən yox, ailəmlə birgə taksidə yaxalamısınız, heç bir sübutunuz yoxdur” deyən Zamin Əliyev “darıxma, tərəzi də, şahid də burdadır” cavabını alır.

Hadisənin üstündə bir neç saat keçəndən sonra Zamin Əliyevi “şahidlə” üzləşdirməyə gətirirlər. Qarşısındakı mənzərə Zamin Əliyevi şoka salır. Çünki onun üzünə duran şəxsin keçmiş həyat yoldaşı Vüsalə Əliyeva olduğunu görür. Keçmiş həyat yoldaşından bunun səbəbini soruşan Zamin Əliyev, “Məni məcbur edirlər” sözlərini eşidir.

Beləliklə, narkotik istifadəçisi kimi qeydiyyatda olan Zamin Əliyev qızının namusunu qorumaq üçün göstərdiyi cəhdin “qurbanına” çevrilir. Maraqlıdır ki, nə istintaq müddətində, nə də gedən məhkəmə prosesində Zamin Əliyevi narkoman olduğundan dolayı heç kim ciddiyə almaq istəmir.

Bizsə, öz növbəmizdə daxili işlər naziri Vilayət Eyvazovun belə bir haqsızlığa göz yummayacağına əminik. Əminik ki, Zamin Əliyevin günahsız həbs olunmasında əli olan Lənkəran Rayon Polis İdarəsinin vəzifəli şəxsləri, eləcə də bu “əməliyyatda” iştirak edən əməkdaşlar layiqli cəzalarını alacaqlar.

“Hürriyyət”

P.S. Xatırladaq ki, Zülfüqar Orucov bir neçə gün öncə Yardımlı Rayon Polis İdarəsi rəisinin xidmət üzrə müavini təyin olunub.

Əldə etdiyimiz məlumata görə, Lənkəranda polisin əlilə baş verən cinayətlərin bizim tərəfimizdən araşdırıldığını eşidən əməkdaşların mümkün qədər tez yerlərini dəyişməyə çalışırlar.

P.P.S. Mövzunu davam etdirəcəyik. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.