“Bona Dea”nın cərrahı Eldar Əhmədov: “Mən xəstəni götürmürdüm, yalvardılar..."- VİDEO


Bakıda fəaliyyət göstərən “Bona Dea” hospitalından şikayət var.

7GÜN TV Reportyor-a istinadən xəbər verir ki, şikayətçi Adil Bəşirzadənin sözlərinə görə, qızı Çinarə Bəşirzadə 2021-ci il, yanvarın 7-də ağır bağırsaq tıxanması səbəbindən həmin klinikaya yerləşdirilib. Həkim Eldar Əhmədov müayinə zamanı bildirib ki, bağırsaqlarda hər hansı problem yoxdur, kimyəvi maddə ilə təmizlənəcək. 14 gün hospitalda qalan Çinarə yanvarın 21-də evə buraxılıb.

Lakin səhhəti pisləşib, qan qusmağa başlayıb. 5 saylı xəstəxanaya çatdırılan Çinarəni orada Vüsalə adlı həkim dərhal əməliyyat edib. Amma 13 gün gecikmə səbəbinə görə xəstədə 40 dərəcə hərarət baş qaldırıb və həkim ailəsinə Çinarəni “Bona Dea” hospitalına təkrar aparmağı tövsiyə edib. Bu hospitalda həkim ona kron xəstəliyi diaqnozu qoyub.

Ümumilikdə atası qızı üçün 42 min manat müalicəsinə xərcləyib. A. Bəşirzadə deyir ki, qızı evə buraxılsa da, övladı sağalmayıb, üstəlik, onda kron xəstəliyi olmadığı üzə çıxıb. İki dəfə analiz verilib və heç birində bu xəstəlik aşkarlanmayıb. Vətəndaş qızını Su-Tikinti xəstəxanasında əməliyyat etdirib və bildirir ki, “Bona Dea” hospitalı onu soyub, səhv diaqnoz ucbatından 42 min manatı gedib.

A. Bəşirzadə Prezidentə, Baş Prokurora müraciət edib. Daha sonra iş Nizami rayon prokurorluğuna verilib. Həmin həkimlərdən izahat alınıb. Lakin Səhiyyə Nazirliyi prokurorluğa məktub göndərib ki, guya həkimlərin günahı yoxdur. Şikayətçi bildirir ki, vəzifələrdə qohum-əqrəbalardır, heç kəs bir-birinin ayağını vermir.

“Bona Dea”nın cərrahı Eldar Əhmədov ittihamları rədd edib. O, xəstəyə səhv diaqnoz qoyulmadığını bildirib. Cərrahın sözlərinə görə, xəstəni iki dəfə ölümdən qaytarıblar: ”Mən xəstəni götürmürdüm, yalvardılar, rayona gedirdim, qəbul etdim, sonra izah elədim – xəstə ölə bilər 1 ay yata bilər. Hər şeyi demişəm. Özəl xəstəxanadır, pulu çox çıxa bilər, amma səhv diaqnoz olmayıb. Məhkəmə qərar versin, günahım varsa məni cəzalandırsınlar”.