“Siz Polşaya gəlirsiniz, ancaq Kiyevə getmirsiniz...” - Ukraynalı jurnalistdən ağır sözlər
7GÜN TV xarici KİV-ə istinadən xəbər verir ki, Polşada səfərdə olan Böyük Britaniyanın Baş naziri Boris Consonun keçirdiyi mətbuat konfransında dünyada gündəmə çevrilən hadisə yaşanıb.Belə ki, ukraynalı jurnalist Darya Kalenyuk ona sərt müraciət ünvanlayıb.
Jurnalist baş naziri Rusiyanı dayandırmaq üçün daha çox şey etməməkdə ittiham edib. O, bildirib ki, Ukrayna səmaları uçuş üçün qapalı zona elan edilməlidir.
Bundan sonra jurnalist əlavə edib ki, Ukraynada uşaqlar, qadınlar səmadan üzərilərinə düşən raketlərə, bombalara görə qorxu içindədir.
“Siz Polşaya gəlirsiniz, ancaq Kiyevə getmirsiniz, çünki qorxursunuz! Çünki NATO müdafiə olunmaq istəmir, çünki NATO üçüncü dünya müharibəsindən qorxur, o isə artıq başlayıb”, - deyə o, göz yaşları içində söyləyib.
B.Conson isə Ukrayna səmasının uçuşlar üçün qapalı zona elan edilməsinin NATO qüvvələrini Rusiya təyyarələrini vurmağa məcbur edəcəyini bildirib.
“Bunun fəsadlarını idarə etmək olduqca çətin olardı”, - deyə B.Conson vurğulayıb.