Azərbaycan apreldə Avropa Məhkəməsinə Ermənistanla bağlı mövqeyini təqdim edəcək
“Artıq Vətən Müharibəsi zamanı Avropa Məhkəməsinə Ermənistana qarşı dövlətlərarası şikayətin verilməsi üzərində iş başlanılıb”.
Bunu Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov deyib.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında əldə edilmiş Böyük Zəfərdən bir az sonra, 2021-ci ilin yanvar ayında şikayət üzərində iş artıq tam yekunlaşıb və o, Avropa Məhkəməsinə göndərilib:
“Xüsusilə vurğulamaq istərdim ki, tərəfimizdən təqdim edilmiş dövlətlərarası şikayətdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və ərazilərimizin 30 ilə yaxın işğalı, habelə İkinci Qarabağ Müharibəsi zamanı və ondan sonrakı dövrdə Ermənistanın qanunsuz hərəkətləri nəticəsində zərər çəkmiş və hüquqları pozulmuş bütün vətəndaşlarımız adından Azərbaycan dövləti ölkə ərazisində yaşayan şəxslərin hüquq və azadlıqlarının təminatçısı olaraq çıxış edir. Avropa Məhkəməsində tərəfimizdən qaldırılan pozuntular və işə baxılmasının perspektivləri barədə cəmiyyətə ətraflı məlumatlar verilib.
Hazırda Avropa Məhkəməsində şikayətin mümkünlüyü ilə bağlı icraat başlanılıb və aprel ayının əvvəllərində Azərbaycanın mövqeyi Strasburqa təqdim ediləcək”.