"Balıq başından iylənər"


Zaman-zaman ölkə mətbuatında vəzifəli şəxslərin rüşvət almaları, dövlət vəsaitlərini mənimsəmələri və öz vəzifə səlahiyyətlərindən sui-istifadə etmələri barədə kifayət qədər materiallar dərc edilir. Ortalığa da həmin faktlar üzrə kifayət qədər mötəbər sübutlar qoyulur. Nə mənası var ki? Ancaq, nədənsə, aidiyyatı dövlət orqanları həmin materialların vaxtında araşdırılıb tədbir görülməsində maraqlı deyillər. Səbəbi sadədir. Çünki, rüşvət almadan və dövlət vəsaitlərinin mənimsənilməsindən əldə olunan sərvət pay-puş edilir. Ona görə də vətəndaş hansısa vəzifəli şəxsə "səndən yuxarılara şikayət edəcəm" deyəndə, qarşı tərəf kobud və arxayın tərzdə "get ürəyin istədiyin yerə müraciət et" cavabını verir. Kimdi kasıb -kusubun şikayətinə baxan? Düz də edirlər. Çünki biz(lər) öz haqqımızı tələb etməyi bacarmırıq.

Bu arada cinayət prossesual qanunvericiliyin tələbini nəzərinizə çatdırmaq istərdik. Həmin Qanunun 206.1-ci maddəsində qeyd edilir ki, cinayətin törədilməsi və ya onun törədilməsinə hazırlıq faktına dair müvafiq kütləvi informasiya vasitəsinə məlum olmuş, cinayət işinin başlanması üçün səbəb hesab edilən məlumatlar mətbuatda, radioda, televiziyada yayımlandıqdan sonra cinayət təqibi orqanlarına göndərilməlidir. Ola bilər ki, buna bir "mız" qoyan tapılar. Deyər ki, cinayət işinin başlanması üçün səbəb hesab edilən məlumatlar nə vaxt cinayət təqibi həyata keçirən orqanlara göndərilib? Güya belə məlumatların hansı hərtərəfli və obyektiv araşdırılıb ki? Aidiyyatı orqan(lar) məsuliyyət hiss etməli, vəziyyətin ciddiliyini nəzərə almalı, elə buna görə də ölkə mətbuatında dərc olunan yazının və ya vətəndaşların müraciətlərinin araşdırılmasını və müvafiq tədbirlərin həyata keçirilməsini təmin etməlidir. Edirmi və ya edəcəklərmi? Xalq arasında belə bir deyim var: "balıq başından iylənər".

Ötən gün “Qazax Mərkəzi rayon Xəstəxanası” Publik Hüquqi Şəxsdə qanunsuz olaraq “COVİD-19” pasportunun verilməsi barədə rayon prokurorluğuna daxil olan məlumat əsasında araşdırma aparılıb. Araşdırma zamanı məlum olub ki, xəstəxananın vəzifəli şəxsləri tərəfindən müxtəlif məbləğlərdə rüşvət müqabilində ayrı-ayrı şəxlərə vaksin vurulmadığı halda saxta “COVİD-19” pasportu verilməsinə əsaslı şübhələr var. Həmin fakt üzrə Cinayət Məcəlləsinin 308.1-ci, yəni vəzifə səlahiyyətlərindən sui-istifadə və 313-cü,yəni vəzifə saxtakarlığı maddələri ilə rayon prokurorluğunda cinayət işi başlanılb. Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində intensiv istintaq hərəkətləri davam etdirilir.

Guya təkcə Qazax Mərkəzi rayon Xəstəxanasında "Covid- 19" pasportu satılır?

Axtarılsa, ölkənin bütün xəstəxana və poliklinikalarında eyni vəziyyət yaşanır. Maraqlanan varmı? TƏBİB adlı dövlət qurumu səhiyyəni bazar qaydaları ilə idarə edir.

Bir müddət keçdikdən sonra Səhiyyə Nazirliyini dizi üstə çökdürən sabiq Nazir Oqtay Şirəliyevin ölənlərinin ruhuna rəhmət oxuyacağıq.
Allah özü binəva və yoxsullara kömək olsun, xalqı yırtıcı xislətli, fürsətçil məmurların bəlalarından hifz etsin!

P.S. Ölkənin səhiyyə sistemində kök salmış rüşvət və digər əyintilərlə bağlı araşdırmalarımız davam edəcəyik.