DGK ilə bağlı qalmaqal: Səfər Mehdiyev çətin sınaq qarşısında


Bir müddət əvvəl, hazırda həbsdə olan Dövlət Gömrük Komitəsinin sabiq əməkdaşı Natiq İmanovun komitə sədrinə müraciət edərək, onu bir sıra məsələlərdə ittiham etməsi barədə yazmılşdıq. 7gun.org xəbər verir ki, jamaz.info-ya ünvanlanan müraciətdə qeyd olunurdu ki, sözügedən şəxs haqsız yerə həbs olunub və ona əsassız şəkildə 311.2-ci maddə ilə cinayət işi açılıb.

Natiq İmanov qeyd edirdi ki, o heç kimdən rüşvət almayıb. Barəsində verilən ifadələr isə sübutsuzdur. Ona görə də, bu işdə komitə sədri Səfər Mehdiyevin maraqlı tərəf olduğunu, onun həbsdə qalmasını istədiyini vurğulayaraq, sözügedən məmuru haqsızlıqda, günahsız şəxsi həbs etdirməkdə, DGK-da baş verən rüşvət və korrupsiya hallarına göz yummaqda ittiham eləmişdi.

Məlumata görə, dövlət başçısı və komitə sədrinə müraciət ünvanlandıqdan, habelə müraciətin mediada tirajlanmasından sonra Səfər Mehdiyev ciddi narahat olub. Və bu narahatlıq o həddə qədər çatıb ki, sözügedən şəxs yaxın vaxtlarda keçiriləcək Natiq İmanovun məhkəmə prosesinə müdaxilə etmək qərarına gəlib.

Məlumatlı mənbələrin bildirdiyinə görə, Səfər Mehdiyev Natiq İmanovun ümumiyyətlə, danışmamasını istəyir. Bundan başqa, onun hər yolla olursa-olsun həbsdə qalmasına çalışır. Məlumatda deyilir ki, bu günlərə Mehdiyev İmanovun məhkəmədə işə baxacaq hakiminin yanına adam göndərib və ondan bu işi “bitirməsini” istəyib.

İddialara görə, komitə sədri bununla da kifayətlənməyib, keçmiş işçisinin yanına da nümayəndəsini göndərib. Və ondan tələb edib ki, heç yerə yazmasın, həbsini ictimailəşdirməsin, bir sözlə sussun. Lakin Natiq İmanovun bu təklifi rədd etməsi, Mehdiyevin əhvalını korlayıb. Daha doğrusu, nümayəndəsinin əliboş geri qayıtmasından qəzəblənib.

Bu əsnada, o da məlum olub ki, hazırda həbsdə olan Natiq İmanov Dövlət Gömrük Komitəsində baş verən rüşvət və korrupsiya halları ilə bağlı mətbuatda geniş çıxış etməyi qərarlaşıdırıb. Yaxın günlərdə onun əlindəki dəlil və sübutları, habelə şahidi olduğu hallarla bağlı geniş müraciət hazırlayıb, onu medianın ixtiyarına verəcək.

Aydın məsələdir ki, uzun müddət gömrük orqanlarında çalışmış biri orada kifayət qədər neqativ halların həm şahidi, həm də məlumatlısıdır. Belə olan təqdirdə, onun ciddi açıqlamalar verməsi və ya sübutlarla çıxış etməsi yeni bir qalmaqalın yaşanmasına səbəb ola bilər.

Xatırladaq ki, bir neçə gün əvvəl dövlət başçısı AzTV-yə verdiyi müsahibəsində, bir sıra məmurlarla yanaşı, DGK sədri Səfər Mehdiyevi də sərt tənqid etmişdi. Onu özbaşınalıqda və işbacarmamaqda ittiham edən ölkə rəhbəri, Mehdiyev və digərləri ilə bağlı ölçü götürəcəyini də bəyan etmişdi. Bunun fonunda haqsız yerə həbs olunmuş Natiq İmanovun gömrükdə baş verənlərə bağlı çıxış etməsi və yaxın günlərdə daha detallı şəkildə danışması Səfər Mehdiyev üçün arzuolunan deyil. Üstəlik, indiki məqamda belə qalmaqallı hadisənin yaşanması komitə sədrini daha çətinə sala bilər.

Məsələ ilə bağlı sözügedən qurumun və onun rəhbəri Səfər Mehdiyevin mövqeyini dərc edə bilərik.