Kəmaləddin Heydərova bağlı məmurlar nəzarətə götürülür


Ötən gün Prezident İlham Əliyevin yerli mediaya verdiyi müsahibədən sonra Prezident Admnistrasiyası hərəkətə keçib.

7gun.org-a daxil olan məlumata görə, həmin müsahibədə adı çəkilən FHN şefi Kəmaləddin Heydərova bağlı icra başçıları nəzarətə götürülüb.

Beləki, Heydərovla yaxınlığı ilə seçilən Lənkəranın icra başçısı Taleh Qaraşov, Astaranın icra başçısı Qəzənfər Ağayev və Qaradağın icra başçısı Süleyman Mikayılovun son iki ildəki maliyyə fəaliyyəti araşdırılacaq. Məlumata görə, büdcədən ayrılan vəsaitin təftişini Hesablama Palatası həyata keçirəcək.

Xəbərlərdə qeyd edilir ki, Qaraşov, Mikayılov və Ağayevin fəaliyyətinin təftişi səbəbsiz deyil. Bunu prosesin başlanğıcı kimi də qəbul etmək olar. Onların FHN şefinə bağlı olması əsas amil kimi diqqət mərkəzinə gəlib. Həmçinin sözügedən rayonlarda son günlər baş qaldıran narazılıqların da səbəbsiz olmaması barədə şübhələr yaranıb. Belə ki, Qaradağda Şəhid ailələrinə problemin yaradılması, Lənkəranda tələbələrin əsassız saxlanılması, habelə Astarada yerli iş adamlarına bir sıra ciddi əngəllərin törədilməsi yuxarılar tərəfindən xoş qarşılanmayıb. Elə bu səbəbdən də Hesablama Palatası vasitəsi ilə araşdırmaların aparılması, yaxın günlərdə yoxlamalara Maliyyə Nazirliyinin də qoşulacağı barədə məlumatların gəlməsi onu deməyə əsas verir ki, hədəf təkcə, sözügedən icra başçıları deyil, birbaşa Kəmaləddin Heydərovdur.

Xatırladaq ki, Prezident İlham Əliyev öz müsahibəsində FHN rəhbəri və daha bir neçə məmurun adını çəkərək, onları işğaldan azad olunmunş torpaqlarda ərazi zəbt etmək həvəsində oldiqlarını vurğulamışdı. Həmin müsahibədə adları çəkilən DSX rəisi Elçin Quliyev və DGK rəhbəri Səfər Mehdiyevin də Kəmaləddin Heydərovun kadrları olduğu təsdiqlənmiş məlumatlardandır. Belə olan təqdirdə, diqqəti çəkən məqam odur ki, Heydərovun və adamlarının adının "qara siyahı" ya düşməsi təkcə ərazi zəbti məsələsi ilə bağlı deyil. Həmçinin FHN şefinin hansısa başqa bir problemə səbəb olduğu qənaətini yaradır. Görünür, yuxarı dairələrin əlində digər ciddi informasiyalar var və həmin məlumatlardan dolayı narahatlıqlar mövcuddur.

Bir başqa güman da ondan ibarətdir ki, proseslər təkcə məmurları deyil, həm də "fövqəlnazir"in "orbit"ində olan iş adamlarını da əhatə edəcək. Çünki Heydərovun gücünün əsas hissəsi onun maliyyə qaynaqlarındadır. Və bu güc mənbəyinin nəzarətdən kənarda qala biləcəyi inandırıcı görünmür.

Mövzu ilə bağlı araşdırmaları davam etdirəcəyik.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.