Təhsildə nə vaxt dirçəliş olacaq?


Emin Əmrullayev təhsil naziri təyin olunanda onun gənc və yüksək bacarığa malik olmasından, təhsil sahəsində uğurlara imza atacağından danışan insanlar kifayət qədər var idi.

Bu sözləri 7gun.az-ın rəhbəri Cavid Şirəliyev özünün facebook səhifəsində yazıb.

"Bəziləri Emin Əmrullayevin təhsilin inkişafına tövhə verəcəyini, rüşvətin və korrupsiyanın kökünü kəsəcəyini deyirdilər. Hətta, ölkə ictimaiyyətini buna inandırmağa çalışırdılar. Ancaq gözləntilərin özünü doğrultmadığını deyə bilərik.

Emin Əmrullayevin təhsil naziri olduğu müddətə birlikdə nəzər salaq. Görək vəziyyət necədir? Təhsilin səviyyəsində hansısa formada inkişaf olubmu? Bu sahədə rüşvətin və korrupsiyanın kökü kəsilibmi? Düşünürəm ki, sualların sayını artırmaq da olar. Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəhbərliyinin bu suallara cavab verə biləcəyi qənaətində deyiləm. O zaman hələlik bu suallar yetərlidir.

Emin Əmrullayevin nəzərinə çatdırmaq istəyirəm ki, təhsilin səviyyəsi, bu sahədə tüğyan edən rüşvət və korrupsiya paytaxt və ətraf rayonlarla müqayisədə əyalətlərdə daha acınacaqlı durum yaradıb. Bir araşdırmaçı jurnalist olaraq apardığım müşahidələr belə deməyə əsas verir.

Təhsil sahəsini digər sahələrlə müqayisə etmək olmaz. Çünki gələcəyimiz məhz təhsilin səviyyəsindən asılıdır. Ona görə təhsil sahəsindəki nöqsanları görüb və bilib susmaq olmaz. Əks halda gələcəyimizi məhv edərik"-deyə, Cavid Şirəliyev qeyd edib.