Təhsil Nazirliyinin odun korrupsiyası


Azərbaycanda korrupsiyanın hər addımda gözə girdiyi məlumdur. İndiyə qədər milyardlarla vəsaitin ayrı-ayrı dövlət qurumları tərəfindən talan olunması da sirr deyil. Hələ ötən ilin əvvəllərindən etibarən başlayan antikorrupsiya əməliyyatları və bunun nəticəsində iri çinli məmurların da həbs olunması problemin aradan qaldırılmasına heç bir köməklik etməyib.

7gun.org xəbər verir ki, ölkədə korrupsiyaya uğramış sahələrdən biri də təhsildir. Vəziyyət bu sahədə kifayət qədər acınacaqlıdır və nazirlərin dəyişməsi də heç nəyi həll edə bilmir. Problem odur ki, adı indiyə qədər “süpürgəpulu”, “fondpulu”nda hallanan Təhsil Nazirliyi bu günlərdə daha bir ad çıxarıb. Məlum olub ki, nazirlik odunpulu yığmasa da, pulu qalaq-qalaq odunla silməkdədir.

Rəsmi məlumat ondan ibarətdir ki, Təhsil Nazirliyinin 9 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi odun yanacağının satınalması ilə bağlı tender keçirib. Tenderin qalibi isə "Alfa İnşaat-S" MMC olub. 7gun.org-ın araşdırmasına görə, bu şirkət 9 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzini 2021-ci il üçün odunla təmin edəcək. Tenderin şərtlərinə görə, 2640 kub metr odun yanacağı üçün "Alfa İnşaat-S" şirkətinə 196 min 690 manat ödəyəcək. Yəni, odun yanacağının hər kub metri 74 manat 50 qəpiyə alınacaq.

Yeri gəlmişkən xatırladaq ki, 9 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzini ötən il "Eldar-2014" MMC odunla təmin edib. 2020-ci ildə Təhsil Nazirliyi 2415 kub metr quru meşə odunu üçün "Eldar-2014" MMC şirkətinə 196 min manat 19 qəpik ödəyib (1 kub metrini 81 manata).

Öncəliklə oradan başlayaq ki, dünyaya təbii qaz satan Azərbaycan hələ də ölkəni tam qazalaşdırmağa nail olmayıb. SOCAR ötən il üçün ölkəni 100 faiz qazlaşdıracağını bəyan etsə də, vədinə ümumiyyətlə, əməl etməyib. Hərçənd onun əməl edəcəyinə də inam olmayıb.

İndi isə keçək Təhsil Nazirliyinin odun pulu məsələsinə. Məlumdur ki, Azərbaycanın bir çox dağ kəndləri təbii qazla təhciz olunmadığı üçün orta məktəblərdə hələ də odun yanacağından istifadə edilir. Amma həmin kəndlərdə odun yanacağı əldə etmək üçün heç də hər kub metrinə 80-90 manat pul xərcləməyə gərək yoxdur. Hazırda bazarda 1 kub metr odunun qiyməti yerindən asılı olaraq, 20-40 manat arasında dəyişir. Belə olan təqdirdə, Təhsil Nazirliyi hər kub 80-90 manata odunu haradan və hansı məqsədlə alır? Olmaya nazirlik meşələrimizə rəhm edir? Ağaclarımıza heyfi gəlir? Bəlkə, Təhsil Nazirliyi orta məktəblərdə yandırılmaq üçün nəzrədə tutulan odunu Rusiyadan və ya Belarusiyadan alır da, bizim xəbərimiz yoxdur?

İşin ilginc tərəflərindən biri də tenderi “udan” “Alfa İnşaat-S" MMC ilə bağlıdır. Şirkət 2014-cü ildə yaradılıb, Nizamnamə kapitalı isə 10 manat təşkil edir. Maraqlı odur ki, şirkət indiyə kimi dövlət satınalmalarında iştirak etməyib.

Burda da bəlli olan odur ki, şirkət elə təhsil sektorunda çalışan hanısas məmurun yaxınına məxsusdur. Eyni zamanda, belə şirkətlər adətən mövsümi olur. İşlərini bitirdikdən sonra ortalıqdan yox olurlar. Bir neçə əməliyyatdan sonra isə ya fəaliyyəti dayandırılır, ya da iflas etdiyi açıqlanır. Halbuki onların yaradılmasında məqsəd korrupsiya ilə məşğul olmaqdır ki, “Alfa-İnşaat-S” də onlardan birinin vintidir.

Aydın məsələdir ki, odun almaq adı altında xərclənən pulun məbləğinin şişirdilməsi korrupsiyadır. Bu işin sonunda “otkat” əməliyyatı var. Eyni zamanda, əldə olunan “gəlir” də aşağıdan yuxarıya doğru paylaşılmaqla “həll” olunur. Yeni Təhsil nazirinin belə işlərə qurşanması, adının biabırçı korrupsiya hadisəsində hallanması utancvericidir. Özü də odun alverində adının səslənməsi daha utancvericidir.

Təhsil bir millətin gələcəyidir. Təhsilsiz xalq, kor kimi bir şeydir. Cəhalət isə ona hakim olduğundan daha dəhşətli durumlara düçar olur. Təhsili gəlir mənbəyinə çevirmək, onun qazanc yeri etmək isə bəlkə də dünyanın ən ağır cinayətidir.

Aygün

7gun.org-ı sosial şəbəkələrdə izləyin:

1. Facebook

2. İnstagram

3. YouTube