Bakı Apellyasiya Məhkəməsi Polad Aslanovla bağlı qərar verdi


Fevralın 15-də Bakı Apellyasiya Məhkəməsində (BAM) Həsən Əhmədovun sədrliyi ilə xeberman.com və press-az.com saytlarının təsisçisi və baş redaktoru Polad Aslanov barəsində hökmdən verilmiş şikayətə baxış yekunlaşıb. Şikayət təmin edilməyib və BAM birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

7gun.org "Turan" agentliyinə istinadən xəbər verr ki, Aslanovun həyat yoldaşının sözlərinə görə, məhkəmə prosesi açıq keçirilsə də, media nümayəndələri iclas zalına buraxılmayıb. 16 gündür aclıq edən Polad Aslanov son sözlə çıxış edib.

“Rəngi ağarmışdı. Səhhəti çox pisdir. Hətta əlindəki vərəqlər belə əsirdi. Hakimdən xahiş elədi ki, son sözünü əyləşərək söyləsin”, deyə Aslanova bildirib.

Onun sözlərinə görə, Polad Aslanov bir daha həbsinin siyasi sifariş olduğunu, hətta vəsiyyətnamə hazırladığını bildirib. O, ölərsə, onun birbaşa qatilinin Azərbaycan hakimiyyəti olduğunu qeyd edib.

Gülmirə Aslanova Polad Aslanovun hələ də aclıq aksiyasını davam etdirdiyini, ona hər hansı tibbi nəzarət olmadığını, adi kamerada saxlanıldığını bildirib.

Məhkəmə iclasından sonra bir qrup fəal Polad Aslanova azadlıq tələbi ilə etiraz aksiyası keçirib. Onlar “Siyasi məhbuslara azadlıq!” və digər şüarlar səsləndiriblər. Polis iştirakçıları məhkəmə binasından uzaqlaşdırıb.

* Noyabrın 16-da xeberman.com saytının təsisçisi Polad Aslanov məhkəmə tərəfindən İranın xeyrinə casusluqda təqsirli bilinib və 16 il müddətinə azadlıqdan məhrum edilib. Dövlət ittihamçısı onun 17 il müddətinə həbs edilməsini istəmişdi.

Aslanov 2019-cu il iyunun 12-də həbs edilib və CM-in 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittham olunub. İstintaq Aslanovun jurnalist həmkarlarını cəlb edərək, İran xüsusi xidmətləri ilə əməkdaşlığa yönləndirdiyini iddia edir. Aslanov bütün bu ittihamları təkzib edir, xüsusi xidmət işçiləri tərəfindən yol verilən korrupsiya faktlarını ifşa etdiyinə görə təqib edildiyini bildirir. Beynəlxalq təşkilatlar Aslanovun həbsini pisləyiblər, onu azad etməyə çağırıblar.

Fevralın 1-də P.Aslanovun apellyasiya şikayətinə baxış başlayıb. O, iclasda prosesin obyektivliyinin təmin edilməsi tələbi ilə aclıq elan edib.