4 saylı Vərəm Əleyhinə Dispanserində nə baş verir?


Azərbaycanda səhiyyə sisteminin olmadığı və ya bərbad vəziyyətdə olduğu pandemiya dövründə daha qabarıq şəkildə özünü göstərdi. Məlum oldu ki, nə səhiyyə naziri yerindədidir, nə də mübarizə tədbirləri peşəkarların iştirakı ilə həyata keçirilmir. Elə son günlər səhiyyə ocaqları rəhbərlərinin həbs edilməsi də təsdiq edir ki, ortada ciddi korrupsiya faktları var.

7gun.org xəbər verir ki, Səhiyyə Nazirliyinin tabeçiliyində olan 4 saylı Vərəm Əleyhinə Dispanserdə də durum elə səhiyyənin günündədir. Vəziyyət velədir ki, burada xəstənin sağlamlığı və ya aqibəti deyil, onun cibindəki pul daha maraqlıdır. Belə ki, Dispanserdə xəstələr və pasiyentlərlə kobud davranma halları adi “norma” sayılır. Müayinədən keçmək istəyən üçün pulunun olması şərtdir, əks təqdirdə onun üzünə baxan belə olmayacaq. Halbuki Dispanser büdcədən maliyyələşir və onun göstərdiyi tibbi xidmət pulsuz olmalıdır.

Lakin bu qanunda belə göstərilib və Dispanserin baş həkimi İlhamə Həsənova qanunun özü olduğunu iddia edir. Məsələ belədir ki, İlhamə Həsənova öz həkimlərinə qəti şəkildə tapşırıb ki, heç kimə güzəşt olunmasın və günün sonunda hər kəs onunla “hesablaşmalıdır”. Rentegen şöbəsindən başlayan mərəkə, testlərini göstürülməsi və müayinə prosesləri boyunca xəstənin xəstə olmasından daha böyük bir dərdə çevrilir. Hər qapıda əl cibə getməli, kimisə “görməlisən” və bundan sonra sənin dərdinə baxılıb, baxılmayacağı müəyyən edilir. Allah eləməmiş, vətəndaş imkansız olarsa, onu elə retnegen otağında yaxşıca təhqir edib, yola salırlar ki, başqa qapılara da üz tutmasın.

Maraqlı məqamlardan biri odur ki, 4 saylı Vərəm Dispanserində xəstələrə verilməli olan dərman pereparatları da pulla satılır. Bundan başqa, şişirdilmiş rəqəmlər var və onlar da əsl yeyinti mənbələri hesab olunur. Belə ki, xəstə sayının çox göstırilməsi, onlara guya, gündə 3 dəfə kalorili yeməyin verilməsi, xəstələrin döşəkağı və yataq dəstlərinin dəyişdirilməsi, yuyulması adı altında da heç də az miqdarda pullar “xərclənmir”. Eyni zamanda, xəstə dispanserdə deyil, evində müalicə alsa da, onun adı dispanserdə ambulator şəraitdə müalicə edilənlər siyahısına yazılır ki, nəticədə bunların hamısı da qazancdır.

Amma məsələ bununla da bitmir. Ortalıqda qazanc üçün o qədər imkanlar yaradılıb ki, dispanserin rəhbəri İlhamə Həsənova ömrü boyu yesə, bitən deyil. Gedişatdan belə başa düşülür ki, xanım Həsənova “dövlatın malı dəryadır, nə qədər istəsən iç” prinsipinə riyayət edir. Əks təqdirdə, bu qədər açıq-aşkar talama prosesini həyata keçirmək müşkül məsələdir.

4 saylı Vərəm Dispanserində baş verənlərlə bağlı oranın rəhbəri İlhamə Həsənovaya edilən şikayətlərin də əhəmiyyəti yoxdur. Çünki bütün prosesin başında məhz xanım Həsənova dayanır. Bunu həkimlər də inkar etmirlər. Onlar deyirlər ki, bu cür davranışlarına “yaşıl işıq” yandırılmasını elə dispanserin baş həkimi sayəsində mümkün olub. Yəni, onun tələblərini yerinə yetirirlər.

Səhiyyə Naziriliyi və ya digər ilgili qurumlara edilən şikayətlərə də baxan yoxdur. Deyilənlərə görə, İlhamə Həsənova heç də zəif fiqur deyil və onun bu posta qədər yüksəlməsində dəstək verənləri var. Elə həkimlər də təsdiqləyir ki, dispanserin rəhbərinin arxasında güclü adamlar dayanır və bu səbəbdən də ona kimsə bir şey edə bilmir. Onun əməkdar həkim adını almasında da həmin arxaların böyük köməyinin olduğu da deyilənlər sırasındadır.

Məsələ ilə bağlı araşdırmamız davam edir.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.


1. "7GÜN XƏBƏR" qəzetini Facebookda izlə

2. "7GÜN XƏBƏR" qəzetini İnstagramda izlə

3. "7GÜN XƏBƏR" qəzetini YouTubda izlə