“Ölü canlılar”, qohum-əqraba “birliyi” və göyə sovrulan pullar: Astara, Cəlilabad, Göygöl və Qazax MKTB-də nə baş verir?
Hələ bir müddət əvvəl İqtisadiyyat naziri Mikayıl Cabbarov pandemiyaya rəğmən, ölkədə yeni iş yerlərinin açıldığını bəyan etmişdi. Onun sözlərinə görə, ötən il açılan yeni iş yerlərinin sayı isə 80 mini keçib.Qeyd edək ki, hökumətin açıqladığı rəqəmlərdən fərqli olaraq, iqtisadi və sosial sahədə irəliləyişin olması əhalinin həyat səviyyəsində hiss olunmur. Açılan yeni iş yerlərinin hansı sahələri əhatə etdiyi də qapalı olaraq qalır. Bilinən odur ki, son dönəmlər rayonlarda Mənzil Kommunal Təsrrüfat Birlikləri (MKTB) xeyli sayda adamı işə götürüb və onlara maaş ödəyir.
7gun.org-ın MKTB-lərlə bağlı apardığı araşdırmalardan belə aydın olur ki, sözügedən qurumlar həqiqətən xeyli sayda adamın işə götürülməsini təmin edib. Amma bu təmin etmə, heç də onların hamısının aylıq maaş alması anlamına gəlmir. Yəni, bu qurumda “ölü canlılar”ın sayı həddindən artıq çoxdur. Məsələn, Astara, Cəlilabad, Göygöl və Qazax rayonlarındakı MKTB-lərdə mövcud olan işçi sayı ilə, faktiki işləyənlər arasında ciddi fərq var.
Bu fərq ondan ibarətdir ki, həqiqətən də siyahı üzrə yerli MKTB-lərdə yüzlərlə adamın işlə təmin olunduğu təsdiqlənir. Lakin faktiki işə çıxanların sayı siyahıdakılardan ən azından iki dəfə azdır. Bu da əsaslı olaraq şübhələrə yol açır.
Həmin şübhələr də nələrdən ibarətdir? 7gun.org-ın araşdırmalarına görə, MKTB-lərin rəhbərləri tapşırığa uyğun olaraq, işçi götürür. Bu zaman maraqlar fonunda bəziləri yaxın, bəziləri tanış adamlardan ibarət olur ki, nəticədə, onlarla anlaşma əldə olunduğu üzə çıxır. Belə ki, MKTB rəhbərləri öz yaxınlarının adlarını işçi kimi yazdırır, onların “ölü canlı” olmasını reallaşdırır, ardından da onların adına yazılan vəsait şəxsi ciblərə gedir. Burada “ölü canlı”ların qazancı isə adlarının rəsmi siyahıda olmasından və iş stajı əldə etməsindən ibarət olur.
Qeyd edək ki, Astara, Cəlilabad, Göygöl və Qazax rayon MKTB-lərdə vəziyyət daha biabırçı şəkildədir. Gələn məlumatlara görə, sözügedən qurumun rəhbərləri heç nədən çəkinmədən açıq şəkildə həm yaxın qohumlarının adlarını işə yazdırıb, həm də onların adına ayrılmış pulları özlərinki kimi götürürlər. Bəzi bilgilərə görə, Astara, Cəlilabad, Göygöl və Qazaxda MKTB rəhbərlərinin üzərində axtarış aparılarsa, xeyli sayda maaş kartının çıxacağı şübhə doğurmayacaq. Çünki bu əməllər adi hal alıb və rayonlarda ciddi problemlər yaradır.
Sakinlər deyirlər ki, MKTB rəhbərləri yerli qurumlarla əlbir olaraq, əsasən öz qohum-əqrabasını başına yığırlar. Onların sözlərinə görə, rayonda işə ehtiyacı olan onlarla ailə var ki, onların müraciətlərinə ya cavab verilmir, ya da “iş yoxdur” bəhanəsi ilə geri qaytarılırlar. Lakin üzərindən 2-3 gün keçdikdən sonra məlum olur ki, qurum rəhbərinin hansısa uzaq bir qohumu işə götürülüb. Halbuki həmin qohumun maddi imkanı heç də pis deyil və onun işlə təmin olunması 2-ci dərəcəli məsələ də ola bilər.
Məsələ ilə bağlı 7gun.org Astara, Cəlilabad, Göygöl və Qazax MKTB-lərinə məsələ ilə bağlı sorğu göndərsə də, onlara cavab verilməyib. Hətta bununla əlaqədar olaraq, məhkəməyə belə müraciət olunub. Lakin, məhkəmələr də ciddi cəhdlə MKTB-nin maraqlarını müdafiə ediblər.
Məsələ ilə bağlı araşdırmalarımız davam edir.
7gun.org-ı sosial şəbəkələrdə izləyin:
1. Facebook2. İnstagram3. YouTube