Beynəlxalq Bankda nə baş verir?
Beynəlxalq Bank ötən il dövlət büdcəsinə 150 milyon manat məbləğində dividend ödəyib. 7gun.org Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə iqtisadçı ekspert Rövşən Ağayev məlumat verib.Onun sözlərinə görə, 2020-ci ildə xalis mənfəət faktiki ödənən dividenddən 20.6 mln. manat az (xalis mənfəət 129.4 mln. manat təşkil edib) olduğu üçün dividend ödənişinin xalis mənfəətdə artıq hissəsinin avans formasınada ödəndiyini də deyə bilərik: “Əsində anlaşılandır, çünki 2020-ci ildə Azərbaycanın son 20 ildə ən böyük büdcə defisiti ilə üzləşməsi hökumətin ciddi maliyyə ehtiyaclarının olduğunu, bütün mümkün resursları büdcəyə cəlb etdiyini göstərir”.
Ekspert Bankın 2020-ci ilin maliyyə göstəricilərilə bağlı bəzi məqamları da açıqlayıb: “Bankın müştərilərə verdiyi kreditlərin gəlirlilik dərəcəsi təxminən artıb – 8,5%-dən 9.3%-ə. Banklarda və digər maliyyə institutlarında yerləşdirdiyi depozit portfelinin gəlirlilik səviyyəsi əksinə azalıb – 5.2%-dən 3.9%-ə.
Ticarət və investisiya qiymətli kağızları üzrə investisiya portfelinin də gəlirlilik səviyyəsi 4.9%-dən 3.8%-ə enib.
Bankın müştərilərə verdiyi kreditlər 234 mln. manat (təxminən 10%) artıb. Bu artımların cəmi 71 mln. manatı və ya 30%-i biznes kreditlər hesabına baş verib. Yerdə qalan 70% (163 mln. manat) istehlak kreditlərinin və daşınmaz əmlak kreditlərinin genişləməsi nəticəsində baş verib…”
Ekspertin hesablamalarına görə, 2015-ci ildə hökumətin iflasın kandarından qaytardığı, ölkənin bank sektorunun ən böyük oyunçusu Beynəlxalq Bankın mənfəəti 2 dəfə azalıb: “Bankın mənfəəti təxminən 2 dəfə azalıb (374.8 mln. manatdan 182.8 mln. manata enib). Bu azalmada həm gəlirlərin azalması, həm də xərclərin artımı rol oynayıb. Amma xərclərin artımının təsiri daha çox olub. Belə ki, bankın faiz və qeyri-faiz gəlirlərinin cəmi birlikdə 55.7 (10.5%) mln. manat azaldığı halda, faiz və qeyri-faiz xərcləri birlikdə 64.5 mln. manat (24.5%) artıb.
Mənfəətin azalmasının digər bir səbəbi aktivlərin keyfiyyətinin pisləşməsindən qaynaqlanır. Belə ki, 2019-cu ildə aktivlərin keyfiyyətinin yaxşılaşması 53.3 mln. manat mümkün zərər üçün nəzərdə tutulan ehtiyatlar gəlir kimi mənfəətin artımına yönəltməyə imkan vermişdisə, 2020-ci ildə əks proses baş verib: aktivlərin keyfiyyətinin pisləşməsi 20.4 mln. manatı xərc qismində mənfəətdən zərərin azaldılmasına yönəldilməsinə səbəb olub.
Nəticədə xalis mənfəət (vergidən sonrakı) daha çox (2.3 dəfə) azalıb – 302.3 mln. manatdan 129.4 mln. manata enib”.
Bu arada yayılan məlumatlara görə, Beynəlxalq Bankdan pensiyaçıların və müavinət alanların başqa banklara köçürülməsi prosesi gedir. Ehtimal olunur ki, Beynəlxalq Bank yaxın zamanlarda özəlləşdirilməyə çıxarılacaq. Bankın xidmət etdiyi müştərilərin başqa banklara köçürülməsi prosesində məqsəd Beynəlxalq Bankın qiymətini aşağı salmaqdır…